Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:55

Putin-lə bağlı yazılar ‘Pulitzer’ aldı


"The New York Times" qəzeti
"The New York Times" qəzeti

“The New York Times” qəzeti Rusiya Prezidenti Vladimir Putin hökuməti haqda yazılara görə “Pulitzer” mükafatına layiq görülüb. Münsiflər bu yazıları “böyük risk bahasına nəql olunan məftunedici hekayətlər” adlandırıb.

İlkin olaraq Pulitzer mərasimi aprelin 20-nə təyin olunmuşdu, koronavirus pandemiyasının işıqlandırılması ilə məşğul olan münsiflərə yazıları dəyərləndirməyə daha çox vaxt verməkdən ötrü təxirə salındı.

Mükafatın idarə heyətinin administratoru Dana Canedy mayın 4-də qonaq otağından YouTube-da canlı yayımda qalibləri elan edib. İndiyədək mərasim Nyu Yorkdakı Kolumbiya Universitetində keçirilirdi.

Jurnalistika sahəsində Pulitzer mükafatları 1917-ci ildən verilir, Birləşmiş Ştatlarda bu sahə üzrə ən nüfuzlu mükafat sayılır.

Vaşinqtondakı Rusiya səfirliyi idarə heyətinin qərarını pisləyib, mayın 5-də Facebook səhifəsində yazıb ki, məqalələr “rusofobik uydurmalar” olmaqla qəzetin nüfuzuna zərbə vurub.

“Ortada, onların iddia etdiyi kimi, ‘böyük risk’ varsa, bu, yalnız reputasiya ilə bağlıdır”, – bəyanatda deyilir.

“The New York Times-ın Rusiya ilə bağlı məqalələr seriyasını xalis rusofobik uydurmalar hesab edirik, onlar saxta faktlar yaratmaq üçün təlimat kimi öyrənilə bilər”, – səfirlik vurğulayır.

“The New York Times” indiyədək rekord sayda – 130 Pulitzer mükafatı və tərifnamə qazanıb.

XS
SM
MD
LG