Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:58

Xəstəxanaları bir neçə günə dolan ölkə


Düşənbədə ambulans, 6 may, 2020-ci il
Düşənbədə ambulans, 6 may, 2020-ci il

Tacikistanda bir neçə gün ərzində xəstəxanalar koronovirus xəstələri ilə dolub. Halbuki həftələrdir ölkə rəsmiləri virusun aşkarlanmadığını bildirirdi. İndi isə əhali xəstəxanalarda çarpayıların olmamasından gileylənirlər. Üstəlik, tibb işçilərinin işini görmələri üçün yetərincə avadanlıq yoxdur.

AzadAvropa/AzadlıqRadiosu-nun tacik xidmətinin əldə etdiyi videoda Varzob Turizm Kompleksi yaxınlığında park olunmuş dörd ambulansın təkərlər üstündə xəstəxana kimi fəaliyyət göstərdiyi görünür.

“Maşınlarda xəstələr var”, – xəstələrdən birinin qohumu deyib. Qadın və digər qohumların sözlərinə görə, onları şəhər xəstəxanalarından Düşənbə ətrafındakı Varzob kompleksinə göndəriblər.

“Bu obyekt xəstə qəbul etmir. Burada ölə bilərsən, heç kəsin vecinə olmayacaq”, – bir qadın söyləyib.

“Dövlət televiziyası öyünür ki, koronavirusa qarşı mübarizə apara bilirik. Reallıqda isə xəstələrin hara yerləşdirməyi bilmirlər”, – o, sözlərinə əlavə edib.

Tanınmış insan haqları fəalının paylaşdığı videoda isə Düşənbədəki Shifobakh Milli Tibb Kompleksində bir qadın həkimlərə anası üçün çarpayı tapmaqdan ötrü yalvarır.

Hakimiyyət israr edirdi ki, ölkədə virus yoxdur

Aprelin 30-da Tacikistan ilk dəfə olaraq koronavirusa 15 yoluxmanın qeydə alındığını açıqlayıb. Bu açıqlama Dünya Səhiyyə Təşkilatı ekspertlərinin ölkəyə gözlənən səfəri öncəsi verilib.

Aprel ayı ərzində müstəqil media və sosial media istifadəçiləri ölkədə “pnevmoniya”dan saysız ölüm hallarının baş verdiyini yazır, hakimiyyətdən buna izah istəyirdilər.

Ölənlər arasında həkimlər, digər xəstəxana işçiləri də var.

Rəsmilər isə jurnalistləri əhali arasında panika yaratmaqda suçlayırdı.

Ölkəni illərdir avtokratik lider Emomali Rahmon idarə edir, beynəlxalq insan haqları qrupları onu narazıları susdurmaqda, azad sözü boğmaqda ittiham edir.

Mayın 6-na olan məlumata görə, Tacikistanda koronavirusa 379 nəfər yoluxub, onlardan səkkizi vəfat edib. Tacikistanlıların çoxu real rəqəmlərin daha yüksək olduğunu iddia edirlər.

Mayın 5-də səhiyyə naziri Nasim Olimzoda başqa işə keçirilib, bu vəzifəyə Jamoliddin Abdullozoda gətirilib.

Müstəqil medianın, sosial media istifadəçilərinin iddiasına görə, bəzi xəstəxanalar COVID-19 xəstələrini yüksək qızdırmaya baxmayaraq evə göndərirlər.

Həkimlər

Ölkənin şimalındakı Xucand şəhərində Suğd Regional Xəstəxanasının direktoru Sobirjon Sobirov bu yaxınlarda istefa verib. Xəstəxanaya yaxın mənbənin bildirməsinə görə, buna hakimiyyətin xəstələri evə buraxmaqla bağlı göstərişi səbəb olub. Guya hakim orqanlar Sobirova tapşırıblar ki, DST nümayəndə heyətinin gözlənən səfəri öncəsi xəstəxanadakı COVID-19 xəstələrinin sayını azaltsın.

“Sobirov isə deyib ki, o, bir həkim kimi xəstəni bu halda evə yaza bilməz və əvəzində istefa verib”, – anonimlik şərtilə danışan mənbə deyib.

Sobirov mayın 2-də istefa verib, bununla bağlı indiyədək rəsmi açıqlama verilməyib.

Bundan başqa bir sıra regionlarda xəstəxana işçiləri şəxsi qoruma avadanlığının, digər ləvazimatların çatışmamasından gileyləniblər.

Səhiyyə Nazirliyinin bu yaxınlarda bildirməsinə görə, ölkənin tibb ocaqlarında 500-dən çox süni nəfəs aparatı var və əlavə 100 aparat almaq planlaşdırılır.

Tacikistana son həftələr beynəlxalq təşkilatlar, xarici ölkələr tərəfindən nağd pul, tibbi ləvazimat da göndərilib.

Avropa Birliyi 48 milyon avro (53 milyon dollar), Dünya Bankı 11,3 milyon dollar ayırıb.

XS
SM
MD
LG