Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:16

Prezident: ‘Karantin rejimi... lazım olarsa, uzadılacaq’


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

“Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq”

AZƏRTAC-ın xəbərinə görə, bunu bugün, mayın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılışında deyib.

Prezident çıxışında yeni koronavurusun Azərbaycana keçməsi və görülən tədbirlərdən bəhs edib:

“Birinci mərhələdə bu virus bizə, belə demək mümkündürsə, idxal edilmişdir, amma ondan sonra daxili yoluxma halları baş vermişdir. Dərhal operativ tədbirlər görüldü və məhz sərt karantin qaydalarına görə biz bu mərhələni az itkilərlə başa vurduq. Görəndə ki, artıq 3 həftə ərzində hər gün sağalanların sayı yoluxanların sayından xeyli çoxdur, onda biz artıq yumşalma tədbirləri görməyə başladıq.”

Prezident əlavə edib ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər:

“Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyr. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq.”

Prezident karantinin yumşaldılmasından sonra yaranan vəziyyəti belə dəyərləndirib:

“Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil.”

“Deməli, orada vəziyyət narahatlıq doğurmalıdır”

Prezidentin vurğulamasına görə, indi ölkənin bəzi bölgələrində sanki pandemiyanın yeni mərhələsi başlayır:

“Xüsusilə Gəncə şəhərində. Buna çox ciddi yanaşmaq lazımdır. Ona görə indiki karantin rejimində Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran üçün xüsusi rejim var. Nəyə görə? Çünki bu yerlərdə, bu şəhərlərdə xəstələrin sayı, yoluxma halları daha çoxdur. Son günlərdə yoluxanların demək olar ki, 30, 40, 50 faizi Gəncə şəhərinin payına düşür. Deməli, orada vəziyyət narahatlıq doğurmalıdır. İndi bu, araşdırılır, səbəbi nədir? Əsas səbəb insanlar və rəhbər orqanlar tərəfindən vaxtında tədbirlərin görülməməsidir. Harada ki, vaxtında tədbirlər görülür, harada ki, qəbul edilmiş qaydalar icra edilir, orada vəziyyət nəzarət altındadır. Biz nəzarəti gücləndirəcəyik. Ona görə karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil…”

Bakı bazarları yenə qaynayır. Sanki heç koronavirus yoxmuş...
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martin 11-də Dünya SəhiyyəTəşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 266 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Hazırkı dövrədək Azərbaycanda isə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 nəfəri vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb).

Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir).

Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar.

Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb.

Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib.

Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

XS
SM
MD
LG