Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

Rusiyada ‘düyünlərin açılması’


Vladimir Putin
Vladimir Putin

Rusiya 9 may – Qələbə Günü paradını təxirə saldı, Moskvanın meri koronavirusa real yoluxma rəqəmlərinin rəsmi statistikadan 3 dəfə çox ola biləcəyini deyir. Bu arada Prezident Vladimir Putinin reytinqi düşür.

AzadAvropa/AzadlıqRadiosu-nun redaktoru Steve Gutterman yazır ki, rəy sorğuları və bədbin iqtisadi proqnozlar Putinin öz siyasi gələcəyini idarə etmək perspektivlərini də kölgələyir.

“Rusiyanın parçalanmış elitasındakı fraksiyalar öz maraqlarının arxasınca getdikcə, “Putin gündəlik məsuliyyətdən təngə qalaraq özünü təcrid edir”, – siyasi təhlilçi, R.Politik beyin mərkəzinin başçısı Tatiana Stanovaya mayın 7-də Twitter-də yazıb.

Müəllif yazır ki, bu il mayın 9-da Putinin hərfi mənada uzaqda olmağına yaxşı səbəb var. O, Kreml divarı yanındakı Naməlum Əsgər abidəsinə gül qoyacaq və elə oradan çıxış edəcək.

Ancaq keçmişdə Putin hərbi parad vasitəsilə çar Rusiyasının və Sovet İttifaqının ən müsbət məqamlarını qabardardı. Müəllifin fikrincə, paradoksal olsa da, Putin Rusiya xalqına bu cəhdlərini gerçəkləşdirməkdə alət kimi də baxa bilərdi.

Xalq alət rolunda

Hərbi paradlar, vətənpərvərlik filmləri, Moskva yaxınlığında böyük Pravoslav Kilsəsinin tikintisi kimi “nəhəng layihələr”lə Putin və hökuməti “dövlətin gücünə müqəddəslik görüntüsü verməklə özlərinin avtoritar idarə üsullarını legitimləşdirməyə çalışırlar”, – Karnegi Moskva Mərkəzinin aparıcı əməkdaşı Andrei Kolesnikov yazır.

“Onlar tarixi çarların, siyasi və hərbi liderlərin uğurları ilə məhdudlaşdırır, əhaliyə tarixdə xərclənən resurslar kimi yanaşırlar”, – Kolesnikov mayın 5-də dərc olunmuş məqaləsində yazır.

İndiyədək Putinin ölkədə imicini gücləndirmək naminə etdiklərinin çoxu mahiyyətdən çox şouya əsaslanıb. Amma koronavirus pandemiyası dövründə Putinin üzləşdiyi böyük və davamlı problemin təsirlərini propaqanda, yaxud ictimai münasibətlərlə yumşaltmaq mümkün deyil.

Bəzi müşahidəçilərin fikrincə, hadisələr dönüşü mümkün olmayan nöqtəyə çatıb, ancaq bu nöqtədən o yana nə olacağı bəlli deyil.

Mayın 4-də Bloomberg-in köşə yazarı Clara Ferreira Marques iddia edib ki, Putin Moskva yaxınlığındakı iqamətgahında özünü təcrid etməsi “Mikhail Gorbachev-in 1991-ci ildə Krımda qalmasını xatırladır”.

Dörd ay sonra Gorbachev istefa verdi. Amma müəllif bu iki situasiya arasında aşkar fərqlərin olduğunu yazır.

İqtisadi amillər

BVF bu il Rusiyada ÜDM-nin 5,5 faiz azalacağını proqnozlaşdırır. Apreldə kiçik və orta biznesin fəaliyyəti bir il öncəylə müqayisədə yarıbayarı azalıb. Bəziləri işsizliyin 10 faizə qalxacağını bildirir.

“Bütün bunlar Putinin vaxtilə Rusiya xalqı ilə yazılmamış kontraktını alt-üst edir: mən sizin rifahını nisbətən təmin edirəm, sizsə siyasətdən kənar durursuz, mənə və Kremlin nəzarətində olan Vahid Rusiya partiyasına səs verib kənara çəkilirsiz”, – müəllif yazır.

Artıq koronavirus xəbərləri də yüksələn xətt üzrə gedir. Mayın 8-də ölkə üzrə 188 min yoluxma, 1723 ölüm halı qeydə alınıb. Ölü sayının dəqiqliyinə şübhə edənlər çoxdur.

Müəllif qeyd edir ki, COVID-19 Putin-in keçmişi canlandırmaq cəhdlərini əngəllədi, amma onun öz gələcəyini qurmaq şansına da zərbə vura bilər. Azından onun daha iki müddət prezident postunda qalmasına imkan verəcək konstitusiya dəyişiklikləri üzrə səsvermə təxirə salındı.

Onun əlində saxladığı hakimiyyətin boşaldığını iddia edənlər var. “Bir çox mühüm qərarlar spontan verilir və Putin bundan gec xəbər tutur”, – təhlilçi Stanovaya yazır.

“Bir müddətdir sistemin düyünü açılır və mövcud böhranın ona ikiqat təsiri olub: düyün daha sürətlə açılır və resurslar tükənir”, – təhlilçi vurğulayır.

XS
SM
MD
LG