Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

'Mərkəzi Bank uşağın puluna həbs qoydurub'


Mərkəzi Bank
Mərkəzi Bank

Mərkəzi Bank aprelin 28-də uzun illərdir fəaliyyət göstərən iki bankın - "AmrahBank" və "Atabank"ın lisenziyasının ləğvinə qərar verdi. Daha ikisinə - "AGBank" və "NBCBank"a isə müvəqqəti inzibatçılar təyin olunub, onlarla bağlı araşdırma aparılır. O vaxtdan bu yana adları çəkilən dörd bankın hamısında əməliyyatlar dayandırılıb, bütün fiziki və hüquqi şəxslərin hesabları dondurulub.

Bu qəfil qərar nəticəsində o banklarda hesabı olan yüzlərlə vətəndaşın çətin vəziyyətə düşdüyü bildirilir. Onların arasında başqa yerdə işləsə də, maaşını bu banklardan alan şəxslərdən tutmuş, nağdsız alış-veriş üçün oradakı hesabından istifadə edənlərə qədər müxtəlif kateqoriyadan müştərilər var.

Sizcə, bankların işində nə dəyişməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

"Bəs mən necə dolanım?"

Aytən Süleymanova deyir ki, "NBCBank"ın müştərisi olub, aprelin 27-də ona xəbər verilmədən kartı bloklanıb. Gündəlik dolanışıq və başqa alış-veriş üçün bank kartından istifadə etdiyini vurğulayan A.Süleymanova maddi baxımdan ağır duruma düşdüyünü bildirir: "Dəfələrlə Mərkəzi Banka zəng eləmişəm, getmişəm. Deyirlər ki, "gözlə, araşdırma aparılır". Bəs mən necə dolanım, nə xərcləyim? Mən nə iş görmüşəm ki, kartım bloklansın? Mənim kimi minlərlə müştərinin kartı bloklanıb".

A.Süleymanovanın sözlərinə görə, ona məhkəmə yoluyla problemin həllinə nail olmağı məsləhət görürlər. Ancaq o deyir ki, bundan ötrü də pul lazımdır, o da yoxdur.

"AmrahBank"ın filial müdiri Xəyal Məmmədli deyir ki, qəfil bloklanma nəticəsində nəinki sahibkarlar, hətta alimentlə dolanan uşaqlar və onların valideynləri də çətin duruma düşüb: "Elə valideyn var ki, aliment onun bu bankda açdığı hesaba köçürülürdü. Yaxud elə müştərilərimiz var ki, xaricdədir, bu bankın kartından istifadə edirdi. Sahibkar var ki, tenderdə qalib gəlib, vəsait köçürülüb, çıxara bilmir, çünki hamısı bloklanıb".

Onun sözlərinə görə, şirkətlər var ki, işçilərinə maaşı bu bank kartları vasitəsilə verirdilər. Bloklanma aprelin sonuna təsadüf etdiyindən, aylıq maaşı köçürməli olan qurumlar da, işçilər də çətin vəziyyətdə qalıblar: "Hesablarındakı çox kiçik məbləğə belə ehtiyacı olan vətəndaşlar var".

X.Məmmədlinin fikrincə, bu cür problemlərin həlli üçün Mərkəzi Bank mütləq hansısa addım atmalıdır.

A.Layıc
A.Layıc

'Məhkəmə özü araşdırma aparsaydı...'

Vaxtilə bank sistemində işləmiş vəkil Aqil Layıcın yaranmış situasiyanı şərh edərkən bildirir ki, hesab Mərkəzi Bankın təqdimatı əsasında məhkəmə qərarıyla bloklanır. Onun sözlərinə görə, əgər məhkəmə, sadəcə, Mərkəzi Bankın təqdimatını təsdiqləməklə məşğul olmayıb, özü də araşdırma aparsaydı, bu cür halları nəzərə alıb, fərqli qərar verərdi:


"Moratorium bankın aktivləri üzərinə qoyulmalıdır. "Banklar haqqında" Qanun da bunu deyir. Aliment pulu, yaxud kiminsə maaşı bankın aktivi deyil axı. Əgər kredit götürülməsi, əmanət yatırılmasından söhbət getmirsə, başqa əməliyyatlarda bank sadəcə vasitəçidir. Bu pullara həbs qoyula bilməz. Təəssüf ki, məhkəmə Mərkəzi Bankın təqdimatını təmin edir, bunları nəzərə almır. İndiki halda, aliment köçürülən hesab bloklanıbsa, deməli, Mərkəzi Bank faktiki uşağın puluna həbs qoydurmuş olur".

A.Layıc onu da əlavə edib ki, araşdırmalar başa çatandan sonra həmin şəxslərin hesablarındakı vəsaitlər onlara qaytarıla bilər. Amma bundan ötrü bəzən aylarla vaxt tələb olunur və hesabındakı vəsaitə möhtac olan vətəndaş çıxılmaz durumda qalır.

E.Rüstəmov
E.Rüstəmov

"Vətəndaş dövlətə güvənir"

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə yaranmış vəziyyətə görə o banklarda hesab açanların özlərini günahlandırır. Deyir ki, hesab açarkən diqqətli olmalıydılar.

"30 seçim mövcud olub, Əgər gedib orada hesab açıbsa, bu, müştərinin öz seçimidir. Buna nə dövlət məcbur edib, nə də Mərkəzi Bank...", - E.Rüstəmov keçirdiyi mətbuat konkfransında fəaliyyəti dayandırılmış banklardakı hesablarına görə müştərilərin problemlə qarşılaşması barədə məsələni şərh edərkən deyib.

Vəkil A.Layıc isə Mərkəzi Bank rəhbərinin bu yanaşmasının əsaslı olmadığını deyir. O vurğulayır ki, bankların dayanıqlılığını araşdırmaq vətəndaşın işi deyil: "Banklara lisenziyanı dövlət verir. Vətəndaş da dövlətə güvənir..."

Xatırlatma

Mərkəzi Bankın (MB) İdarə Heyəti aprelin 28-də verdiyi qərarla "Atabank" ASC və "AmrahBank" ASC-nin lisenziyaları ləğv edilib.

MB qərarını məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olması, habelə cari fəaliyyətin etibarlı və prudensial qaydada həyata keçirilməməsi ilə izah etmişdi: "...Və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bildiririk ki, "Atabank" ASC və "AmrahBank" ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri Fond tərəfindən tam ödəniləcək".

MB-ın İdarə Heyəti 4 gün əvvəl, aprelin 27-də isə "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "AmrahBank" ASC-yə müvəqqəti inzibatçılar təyin etmişdi. Onların idarə olunması üzrə bütün sәlahiyyәtlәr, o cümlədən, bank səhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvəqqəti inzibatçıya keçib.

Lisenziyası ləğv edilən hər iki bank 1993-cü ildə yaradılıb.

XS
SM
MD
LG