Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:22

Kaspersky: Kibercinayətlər artır


Kaspersky Lab-ın Moskvadakı ofisi
Kaspersky Lab-ın Moskvadakı ofisi

Dünyada koronavirus pandemiyasının yayılmasını yavaşıtmaq üçün tətbiq olunmuş karantin dönəmində kibercinayətlər artır və kibercinayətkarların çoxu rusdillilərdir. Bunu Rusiyanın kibertəhlükəsizlik maqnatı, Moskvadakı Kaspersky Lab kibertəhlükəsizlik firmasının rəhbəri Yevgeny Kaspersky deyir.

O, mayın 14-də TASS xəbər agentliyinə müsahibəsində deyib ki, karantin qaydaları “kibercinayətkarları azğınlaşaraq qurban axtarmağa vadar edib”.

“Hər gün məkrlilikdə şübhəli bildiyimiz milyonlarla fayl aşkarlayırıq. Bundan başqa, hər gün əvvəllər heç vaxt üzləşmədiyimiz 300 mindən çox məkrli model aşkarlayırıq”, – deyən Kaspersky əlavə edib ki, bu modellərdən yüzlərlə dəfə istifadə oluna bilər.

Onun sözlərinə görə, insanlar koronavirusa görə evdə qaldığından ərzaq, digər məhsullar almaq üçün internetə üz tuturlar, bəzən arzulanmayan yerlərə girirlər və bütün bunlar qlobal miqyasda kibercinayətləri 25 faiz artırıb.

Kaspersky deyir ki, Rusiya və digər keçmiş sovet respublikalarında “dünyanın ən yaxşı proqramçıları təlim görüb”, amma bunun mənfi tərəfi də odur ki, dünyanın ən öndə gedən hakerləri əsasən rusdillilərdir.

Rusiya və digər keçmiş sovet ölkələrində proqramçılar Qərbdəki həmkarlarından daha az qazanırlar və bu səbəbdən kibercinayətlərə daha çox meyllənirlər.

“Dünyanın ən yaxşı proqramçıları, proqram hazırlayanları ilə tanınırıq, amma dünyanın aparıcı hakerləri də bizdədir. Onlar eyni universitetləri bitiriblər, amma fərqli yola üz tutublar. Bir tərəf yeni bir şey yaratmağa çalışır, digəri onu dağıtmağa. Haker hücumlarıyla bağlı 100 faiz hallarda hakerlərin motivasiyası eynidir – daha çox pul qazanmaq, təkcə bir qurbandan deyil, həm də müştərilərindən”, – Kaspersky söyləyib.

Son bir ildə Birləşmiş Ştatlarda bir neçə rusiyalı haker həbs olunub.

XS
SM
MD
LG