Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:19

'Yaşı 65-dən yuxarı olan insanların cəmiyyətdən bu cür təcrid edilməsi doğru deyil'


93 yaşlı ana və 67 yaşlı qızı: 'Pullarımız dərmana gedir'
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

93 yaşlı ana və 67 yaşlı qızı: 'Pullarımız dərmana gedir'

Məhluqə Səfərovanın yaşı 80-i ötsə də, qıvraqdır, evdə gəlini-qızı olsa da, biş-düşü yenə özü edir, zarafatla "çömçəmi əldən vermərəm" deyir. O, evdəkilərə yır-yığışda da köməyini əsirgəmir. Yaşadığı dördüncü mərtəbəyə adi vaxtlarda liftsiz çıxıb-düşər. Həm qorxur, həm də "ayaqlarım tutulmasın" deyir. Amma indi iki aydır ki, karantinə görə gün üzü görmədiyini söyləyir:

"Əvvəl oğlum hər axşam məni yaxınlıqdakı şam meşəsinə aparıb gəzdirirdi. İndi qadağan ediblər. Televizor bütün günü deyir: "Yaşlılar çölə çıxmasın, qadağandır". Biz də hava almalıyıq, uşaqları, nəvələri görməliyik. Bayramqabağı kəndə getmək istəyirdim, böyük oğlumun yanına. Burdakı oğlum dedi ki, mayda aparacam, hələ tələsmə. Kaş qulaq asmayaydım. Orda həyətdə-bacada gəzərdim. Burda evdə oturmaqdan bezmişəm. Havasızlıqdan başım ağrıyır".

Məhluqə xala arada qızıgilə getmək istəyib, amma oğlu karantin dövründə 100 manat cərimələndiyindən ehtiyat edir: "İlin-günün bu vaxtı bir də mənə görə cərimələməsinlər uşağı. Həm də həkimlər danışır ki, təhlükəlidir. Oturmuşam evdə. Amma, vallah, son iki həftədə səbrim qalmayıb".

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Bu cür təcrid doğru deyil"

Yaşı 70-i ötmüş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, yazar Sabir Rüstəmxanlı da qadağanın yumşalmasının tərəfdarıdır: "Bəlkə mən yaşlı olduğuma görə deyirəm. Düşünürəm ki, yaşı 65-dən yuxarı olan insanların cəmiyyətdən bu cür təcrid edilməsi doğru deyil. 65-70 yaşında olanların çoxunun immuniteti bəlkə bir çox gənclərdən zəif deyil. Bunlar zamanında daha təbii qidalarla qidalanıblar. Bu, bəlkə də mənim bir az subyektiv, bir az da şairanə baxışımdır".

Deputat ətrafındakı dost-tanışın da artıq evdə oturmaqdan darıxdığını söyləyir:


"Bu günlərdə mənə bir neçə yaşlı adam zəng vurub. Özü də yetərincə fəal, vaxtilə hüquq-mühafizə orqanlarında, təsərrüfatda işləmiş adamlar deyirlər ki, axı biz qorunuruq, maskamız yerində, əlcəyimiz yerində. Soruşurlar: "Şəhərdə 2-3 saat dolanıb qayıtmağımızdan nə ziyan dəyə bilər?". Yəni, məhdudiyyətin azaldılmasını istəyənlər var, bu səslər gəlir".

O, özü deputatlara yaşla bağlı qadağa qoyulmadığı üçün bu müddətdə parlament iclaslarına da qatılıb, "çox böyük ünsiyyət qurmadan" Neftçala, Yardımlı, Şamaxı rayonlarında da olub. Deputat karantinə əvvəlcə yazı-pozu üçün fürsət kimi baxsa da, "psixoloji basqının təsirindən vaxtdan səmərəli istifadə etmək olmur" söyləyir. "Hərəkət bərəkətdir", - deyə əlavə edir.

A.Qeybulla
A.Qeybulla

Həkim: "Mütləq karantin qaydalarına əməl edilməlidir"

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, yaşı 65-dən yuxarı olanların artıq tədricən evdən çıxmasına şərait yaradılmalıdır. Ancaq bir şərtlə - mütləq karantin qaydalarına əməl edilməlidir: "Sosial məsafəni gözləməklə, maska taxmaqla, əlləri dezinfeksiya etməklə bu normaldır. Amma bunlar pozularsa, yox".

A.Qeybullanın sözlərinə görə, karantin uzun zaman davam edə bilməz, getdikcə yumşalmalı və sosial həyat bərpa olunmalıdır.

Azərbaycan hökuməti karantin dövründə ilkin olaraq yaşı 65-dən yuxarı olan, tənha şəxslərə sosial dəstək verəcəyini bəyan edib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı AzadlıqRadiosuna deyir ki, karantin dövründə Bakı və bölgələrdə yaşı 65-i keçmiş və tənha yaşayan 15 min nəfərə sosial xidmət göstərilir. Onun söylədiyinə görə, karantin dövründə bu kateqoriyaya aid insanlara evdən çıxmaq qadağası qoyulduğundan yardıma ehtiyacı olanlar qaynar xəttə müraciət ediblər və onlara sosial xidmətçi təyin olunub: "Onlara alış-verişdə, dərmanlarının alınmasında, ev təsərrüfatın, kommunal xidmətlərə görə ödəniş etməkdə və başqa sahələrdə gündəlik xidmət göstərilir".

F.Talıbov 65-dən yuxarı insanların həftə ərzində müəyyən məhdudiyyətlərlə açıq havaya çıxması haqda təklifə belə münasibət bildirir: "Hökumətin qərarı necə olacaqsa, icraçı qurumlar da ona əməl edəcəklər".

Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirilib ki, 65 yaşdan yuxarı vətəndaşlara karantinlə bağlı qadağa yumşaldıla bilər. Bu haqda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı danışıb: "Bu məsələ gündəmimizdədir. Amma bu, bizim vətəndaşların böyüklər üçün sosial məsafəyə riayət etməsindən və məsuliyyətli olmasından asılıdır. Karantinlə bağlı qərarı Operativ Qərargah verir. Yəqin ki, yaxın günlərdə Operativ Qərargah qərar verəcək".

M.Səfərova hər gün bununla bağlı televiziyadan xəbər gözləyir.

XS
SM
MD
LG