Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:30

Səyahət qadağaları pandemiyanı ‘durdura bilmir’ – Qərb mediası


Qvatemalada səyahətçilər ABŞ səfirliyinin təşkil etdiyi çarter reysini gözləyirlər
Qvatemalada səyahətçilər ABŞ səfirliyinin təşkil etdiyi çarter reysini gözləyirlər

“Foreign Affairs” dərgisində Doug Saunders səyahət qadağalarının yeni koronavirus pandemiyasının yayılmasını necə önlədiyini araşdırıb.

ABŞ Prezidenti Donald Trump martın 13-dən Avropa ölkələrinin çoxuna səyahət qadağaları elan etdi. Minlərlə amerikalı tətilini yarımçıq kəsdi, ABŞ-a qayıtdı. Müəllif martın 14-də bir sıra aeroportlarda səyahətçilərin qarışqa kimi qaynaşdığını yazır və ehtimal edir ki, elə həmin gün baş verənlər ölkəni dünyada COVID-19 yoluxmaları üzrə birinci yerə çıxara bilərdi.

Digər tərəfdən, Trump administrasiyası Avropadan gələnlərin qarşısını almaqla insan miqrasiyasını gözardı etdi. Adətən, qadağalar elan olunandan sonra insanlar tələsik sərhədi keçməyə çalışırlar. “Sərhədi keçməyə tələsənlər isə özləri ilə potensial ölümcül virusu da gətirə, nəticə fəlakətli ola bilər”, – məqalədə deyilir.

Müəllif səyahət qadağalarının, sərhədlərin bağlanmasının yoluxucu xəstəliklərin qarşısını almaqda elə də böyük rolu olmadığını yazır. 2014-cü ildə Qərbi Afrikada Ebola böhranı yayılan vaxt aparılan bir araşdırma göstərib ki, uçuş qadağalarının və sərhədin bağlanmasının xəstəliyin nəzarətdə saxlanmasındakı rolu “səmərəsiz” olub. Belə qadağalar yeni halları maksimum 3 faiz azaldır, amma virusun yeni regionlara yayılmasının qarşısını ala bilmir. “Science” dərgisində dərc olunmuş bir tədqiqatCOVID-19-un Vuhandan Çinin digər hissələrinə yayılmasını araşdırıb. Bəlli olub ki, xəstəlik mənbə ölkədə sürətlə yayılırsa, total beynəlxalq səyahət qadağalarının bu zaman “ortabab” effekti olur.

Üstəlik, tez-tələsik tətbiq olunan qadağalar əks-təsir göstərə bilər. Martın 16-da Kanadanın Baş naziri Justin Trudeau ABŞ-la sərhədi bağladı, səyahət edən kanadalıları dərhal ölkəyə qayıtmağa çağırdı. Növbəti həftə milyondan çox kanadalı qayıtdı, çoxu da Floridada yaz tətilindən. O vaxt Florida ABŞ-da təsdiqlənmiş yoluxmalar üzrə öndə gedirdi.

Çin və ABŞ arasında ‘istehlakçı ədavəti’

Amerikalıların 41 faizi Çində hazırlanmış məhsulları almayacağını deyir. Çinlilərin 35 faizi isə Amerikadan məhsul almaqdan imtina edir. Bunu “Deutsche Bank” tərəfindən keçirilmiş sorğu üzə çıxarıb. Sorğu barədə “Newsweek” dərgisi yazır.

Məqalədə deyilir ki, istehlakçı ədavəti bu iki ölkənin bir-birini koronavirusla mübarizəyə görə tənqid etməsindən qaynaqlana bilər. Amma eyni zamanda iki qüdrətli dövlət arasında ticarətdə baş verən dəyişiklikləri əks etdirir. Sorğu onu da üzə çıxarıb ki, hər iki ölkədə istehlakçıların əksəriyyəti bir-birinin məhsullarından tamamilə imtina etməyə hazır deyil.

İlyarımdır ABŞ və Çin arasında ticarət müharibəsi gedir, bir-birinin milyardlarda dollarlıq məhsuluna əlavə rüsum tətbiq ediblər.

Yanvarın əvvəlində ABŞ Çinlə ticarət sazişi imzaladı. Ancaq Çinin “Morning Post” qəzeti yazırdı ki, “ticarət müharibəsinin bitmədiyini yaddan çıxarmamalıyıq. ABŞ Çinə qarşı tarifləri ləğv etməyib, Çin də cavab tədbirlərini həyata keçirir”.

Hazırda iki ölkənin qarşılıqlı ittihamları COVID-19 pandemiyası ilə məhdudlaşmır, onların münaqişəsi yeni yaranan texnologiyaları, süni intellekti super-sürətli 5G mobil şəbəkələrini əhatələyir. Bunu FED-in keçmiş sədri Janet Yellen deyir.

BMT-nin 2019-cu ilin noyabrında açıqladığı hesabatda görə, ticarət müharibəsinin bədəlini amerikalı istehlakçılar ödəyiblər, 2019-cu ilim birinci yarısında Çin iqtisadiyyatına isə 35 milyard dollarlıq ziyan dəyib.

XS
SM
MD
LG