Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:12

Azərbaycanda karantin iyunun 15-dək uzadılıb


Mayın 18-dən Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib.
Mayın 18-dən Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib.

Azərbaycanda xüsusi karantin rejimi iyunun 15-dək uzadılıb.

Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahın bugün, mayın 29-da yaydığı məlumatda bildirilir.

Eyni zamanda, mayın 31-i saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin də aradan qaldırılmasına qərar verilib:

"Mall"ların fəaliyyəti bərpa olunur

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;

- Ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla).

- Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla)

Sərhədlər bağlı qalacaq

Yükdaşımalar və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət bu il iyunun 15-nə kimi uzadılıb.

Avtobuslara maskasız minmək qadağan olunur

Mayın 29-da qoruyucu tibbi maskaların taxılması istənilən yerlərin siyahısı hazırlanıb. Bununla bağlı Baş nazir Əli Əsədov "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" qərar imzalayıb.

Qərara əsasən, aşağıdakı hallarda sosial məsafəni gözləmək (1.5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində;

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

- ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda və s.

Sənəddə yazılıb ki, bu qərarın tələblərinin pozulması Azərbaycan İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Hazırkı dövrədək Azərbaycanda 4 min 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 56 nəfərin vəfat etdiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 362 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Amma əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb.

XS
SM
MD
LG