Rusiyada Zabaykalyenin Aginsk qəsəbəsi yaxınlığındakı təpədə yaşayış məntəqəsinin ağ daşlardan düzülmüş adı iyunun 1-nə keçən gecə “Putin oğrudur” sözlərinə çevrilib.
Xəbər verilir ki, naməlum şəxslər bu ifadəni eyni daşlardan istifadə edərək “yazıblar”.
Yerli hakimiyyət orqanları bildirirlər ki, mayın 31-də dəyişdirilmiş daşlar yerlərinə qoyulmaqla qəsəbənin dağ döşündə yazılmış adı bərpa edilib.
Bu da xəbər verilir ki, bir neçə metrlik bu instalyasiyanı quran naməlum şəxslər polis axtarışına verilib.
“Oğru” sözü rəsmən təhqir sayılmasa da...
Yerli hakimiyyət orqanları bundan əvvəl belə bir hadisənin baş verdiyini inkar edirdi.
Qəsəbə icra hakimiyyətinin rəhbəri Andrey Dashin deyib:
"Hər bir kəsin rəy və baxışlarına hörmətlə bu hərəkətin müəlliflərinə müraciət etmək istəyirəm: Əgər siz bu hərəkətinizi qəhrəmanlıq hesab edirsinizsə və özünüzü müxalifət bilirsinizsə, bu sizin haqqınızdır. Amma mən bütün qəsəbəmizin, yaxşı və xeyirxah adamlarımızın adından sizin yerinizə xəcalət çəkirəm”.
Yerli media orqanları bu hadisə barədə dərc etdikləri xəbərlərdə “oğru” sözünün işlədilməməsinə və fotolarda görünməməsinə çalışıblar. Halbuki bu söz Rusiya qanunvericiliyinə görə rəsmən təhqir sayılmır.
“Putin oğrudur” və “Rədd olsun Putin” şüarları yazılmış plakatlar son vaxtlar Rusiyada keçirilən etiraz aksiyalarında tez-tez görünür.
Mayın 20-də fəal Konstantin Kotovun işinə baxan Moskva məhkəməsinin qərarında deyilirdi ki, belə çağırışlar “Rusiya dövlət hakimiyyətinin nüfuzunun sarsıdılmasına və dövlət hakimiyyətinin işinin pozulmasına yönəlib”.
Bu hərəkətə görə əvvəlcə Kotova 4 il iş kəsilmişdi. Lakin cəza sonradan 1 il 6 aya endirilib.