Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:26

DSX ‘Keşikçidağ’la bağlı yeni açıqlama yayıb


Keşikçidağ məntəqəsi
Keşikçidağ məntəqəsi

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı məlumat yayıb.

İyunun 3-ü axşam saatlarında yayılan açıqlamada bildirlir ki, iyunun 4-də “Keşikçidağ” ərazisində bir qrup Gürcüstan vətəndaşının dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlər törədəcəyi barədə məlumatlar əldə olunub:

“Əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”.

Bu məlumata, hələlik, Gürcüstanın müvafiq rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Ötən il Bakıdakı rəsmi qurumlar “Keşikçidağ” kompleksi yaxınlığında xidmət edən Azərbaycan sərhədçilərinə qarşı iyunun 14-də təxribata yol verildiyi ilə bağlı məlumat yaymışdılar.

Həmin vaxt bu hadisəyə görə, Gürcüstanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağrıldığı və ondan izahat istəndiyi bildirilmişdi.

Onda Gürcüstanın rəsmi qurumları da sərhəddə baş verən hadisəni araşdıracaqlarını bəyan edərək, bu cür insidentlərin hər iki ölkənin mövcud strateji və əməkdaşlıq münasibətlərinə uyğun olmadığını bildirmişdilər.

Bundan sonra iki ölkənin xarici işlər nazirlikləri arasında delimitasiyaya (dövlət sərhədinin müəyyənləşdirilməsi) aid danışıqlar başlamışdı.

Xatırlatma

“Keşikçidağ” kompleksi Gürcüstan-Azərbaycan sərhəddində yerləşir.

Tərəflərin bildirməsinə görə, delimitasiya prosesi hələ davam edir. Sərhəddə müəyyən bir hissənin razılaşdırılmadığı deyilir.

Xüsusilə də həmin kompleksin bəzi hissəsinin razılaşdırılmadığı qeyd edilir. SSRİ zamanındn kompleks Azərbaycanın ərazisi olub.

Azərbaycan prezidentinin sərəncamı ilə 2007-ci ildə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Ağstafa rayonunun mərkəzindən 75 kilometr, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən isə 28 kilometr məsafədə yerləşir.

XS
SM
MD
LG