Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:53

Lech Walesa: Belarusda dəyişikliklər ‘baş verməlidir’


Lech Walesa
Lech Walesa

Polşanın keçmiş prezidenti Lech Walesa belarusları demokratiya və hüququn aliliyindən əl çəkməməyə çağırıb. Avqustda bu ölkədə prezident seçkisi keçirilməlidir.

İyunun 3-də AzadlıqRadiosu-nun Belarus xidmətinə müsahibəsində Walesa deyib ki, müxalifətin sərt nəzarət altında olmasına baxmayaraq, dəyişikliklər realdır və xalq inanmalıdır ki, zorakılıqsız və qan tökmədən çox şeyə nail olmaq olar.

“Yeganə sual zaman və Belarusun azadlığı üçün ödəməyə hazır olduğumuz bədəldir. Ancaq bu baş verməlidir, çünki Belarussuz Avropa yoxdur və dəyişikliklər baş verməlidir”, – Nobel Sülh Mükafatı Laureatı deyib.

İnam

Polşanın Həmrəylik hərəkatının həmtəsisçisi və ölkənin ilk postkommunist prezidenti (1990-1995) olan Walesa-nın fikrincə, xalqın demokratiya və hüququn aliliyinə inanması vacibdir.

Xalq hüququn aliliyinə inanır və “hər şeyi yoluna qoyursa”, onlar demokratiya və proqresdən zövq ala bilərlər, o vurğulayıb.

Belarus avqustun 9-da prezident seçkisi keçirəcək və Prezident Alyaksandr Lukashenka-nın altıncı müddətə bu vəzifəyə seçiləcəyi gözlənir.

65 yaşlı Lukashenka 1994-cü ildə hakimiyyətə gələndən keçirilən seçkilərin heç biri Qərb standartlarına uyğun, azad və ədalətli hesab olunmayıb.

Human Rights Watch (HRW) hüquq-müdafiə təşkilatı xəbərdarlıq edib ki, Belarus hakimiyyəti seçkiqabağı hökumətin tənqidçilərinə “yeni qanunsuz həbslər dalğası” ilə divantutmanı gücləndirib.

Belarusun polis qüvvəsi və onun ölkədə narazıların susdurulmasına roluna gəlincə, Walesa deyib ki, bu qüvvələr belarusları müdafiə etməlidir, təkcə Lukashenka-nın mövqeyini gücləndirməkdən ötrü mövcud olmamalıdır.

Rusiyanı qəzəbləndirmək...

Walesa seçicilərin Lukashenka-nı dəstəkləməli olması, əks halda Rusiyanı qəzəbləndirə biləcəyi ilə bağlı fikirləri qəbul etmir. 2014-cü ilin fevralında Ukraynada etirazlar nəticəsində Rusiya-pərəst prezident Viktor Yanukovych devrildi. Ancaq bundan sonra Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdi, Ukraynanın şərqində separatçı qüvvələri dəstəkləməyə başladı. O vaxtdan münaqişədə 13 mindən çox ölən olub.

“Bu işğallar və zəbtetmə haqda söz-söhbət mövcud texnologiyalar, açıq strukturlar erasında çıxış yolu deyil. Bunlar köhnə metodlar və köhnə qorxulardır, zəmanəmizə uyğun gəlmir”, – Walesa deyib.

Walesa-nın Həmrəylik hərəkatı 1980-ci illərin sonlarında inqilabi dalğanı ruhlandırdı, Mərkəzi və Şərqi Avropada kommunist idarəçiliyinə son qoyuldu. Onun belaruslara ən yaxşı məsləhəti budur ki, özlərinə inansınlar, heç kəsin köməyini gözləməsinlər.

Birliyin olmaması və digər problemlər Avropada “elə bir qarışıqlıq” yaradıb ki, Belarus və Ukraynaya kömək edə bilməyəcək dərəcədə məşğuldur, Walesa deyib.

“Özünüzə yardım əli uzadın, sonra başqaları da köməyə gələcək”, – o vurğulayıb.

XS
SM
MD
LG