COVID-19 böhranı nəticəsində milyonlarla uşağın əməyə cəlb olunması riski yaranıb. Bu, son 20 ildə əldə olunmuş irəliləyişə də təhlükə yaradır. Beynəlxalq Əmək Təşkilatı (ILO) və UNICEF bu haqda birgə hesabat yayıblar.
“COVID-19 və uşaq əməyi: Böhran məqamı, hərəkət zamanı” adlı hesabatda deyilir ki, 2000-ci ildən bəri uşaq əməyi 94 milyon nəfər azalıb, ancaq indi bu uğur risk altındadır.
152 milyon uşaq
2018-ci ildə aparılmış qlobal dəyərləndirməyə görə, dünyada 152 milyon uşaq əməyə cəlb olunub. Bu uşaqlar daha çox və daha pis şəraitdə işləməyə cəlb oluna bilərlər, hesabatda vurğulanır. Onların çoxu əməyin ən pis formasına məcbur edilə və bu da sağlıq və təhlükəsizliyə ziyan vura bilər.
Hesabatda deyilir ki, COVID-19 yoxsulluğu gücləndirdiyindən uşaq əməyində də artıma səbəb ola bilər. Axı, hər bir ailə sağ qalmaq üçün bütün yollara əl atır.
Bəzi araşdırmalara görə, yoxsulluqda bir faizlik artım bəzi ölkələrdə uşaq əməyində azı 0,7 faizlik artıma səbəb olur.
“Böhran dönəmində uşaq əməyi bir çox ailələr üçün çarpışma mexanizminə çevrilir”, – UNICEF-in İcraçı direktoru Henrietta Fore deyib.
“Yoxsulluq artdıqca məktəblər bağlanır, sosial xidmətlərə çatımlılıq azalır, daha çox uşaq işçi qüvvəsinə cəlb olunur. COVID-dan sonrakı dünyanı təsəvvür etdikcə, əmin olmalıyıq ki, uşaqlar və onların ailələrinin əlində gələcəkdə bənzər fəlakətlərin öhdəsindən gəlməyə alətlər var. Keyfiyyətli təhsil, sosial qorumaq xidmətləri və daha yaxşı iqtisadi imkanlar vəziyyəti dəyişə bilər”, – o, sözlərinə əlavə edib.