Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:06

Daha bir qaradərilinin polisdə ölməsi etirazları qızışdırıb


Atlantada etirazlar
Atlantada etirazlar

İyunun 1-də Rayshard Brooks adlı afroamerikalının Atlanta polisin əlində ölməsi Birləşmiş Ştatlarda polis zorakılığına qarşı etirazları qızışdırıb. Qaradərilinin kürəyindən iki dəfə güllələndiyi üzə çıxıb.

Tibbi Ekspertiza İdarəsinin iyunun 14-də bildirməsinə görə, Brooks kürəyindən dəyən iki güllədən xeyli qan itirib və orqanları xəsarət alıb.

Ekspertiza hadisəni qətl kimi qiymətləndirib.

Polis əməkdaşlarına ittiham irəli sürülə bilər

Brooks-un ölümü ölkədə həftələrdir davam edən eirazları daha da alovlandırıb. Mayın sonunda afroamerikalı George Floyd polis təzyiqindən sonra dünyasını dəyişib. Ağdərili polis əməkdaşı dizini onun boynuna sıxaraq doqquz dəqiqəyə yaxın bu vəziyyətdə saxlayıb.

İyunun 13-ü gecəsi etirazçılar əsas magistral yolu bağlayıb, Brooks-un öldürüldüyü restorana od vurublar. Polis isə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Atlanta Polis Departamenti Brooks-a atəş açmış ağdərili polis əməkdaşını işdən çıxarıb, hadisə yerində olmuş digər əməkdaş isə vəzifəsindən müvəqqəti kənarlaşdırılıb. Polis rəisi Erika Shields istefa verib.

Mer Keisha Lance Bottoms iyunun 13-də deyib ki, insident zamanı gücdən əsaslandırılmış şəkildə istifadə olunmasına inanmır.

Dairə prokuroru Paul Howard deyib ki, idarəsi həftənin ortasına polis əməkdaşlarına mümkün ittihamları elan edəcək. Corciya Təhqiqatlar Bürosu (CTB) da araşdırma aparır.

Hadisə necə baş verib

Atlanta polisinə iyunun 12-də gecə olunmuş zəngdə Brooks-un maşınında yuxuya getdiyi və Wendy fast-fud xidmətinin keçidini kəsdiyi bildirilib.

Polis ayıqlıq testi keçirib, Brooks-un sərxoş olduğu üzə çıxanda onu həbs etmək istəyib. Bundan sonra mübahisə başlanıb.

İnsident polisin bədən kamerasına, müşahidə kamerasına, şahid videosuna çəkilib.

Videolardan görünən odur ki, Brooks polis əməkdaşları ilə yerdə əlbəyaxa olub. Brooks əməkdaşlardan birinin elektroşokerini ələ keçirir. O, hadisə yerindən qaçanda polis əməkdaşı ona elektroşokerdən atəş açır.

Videoda Brooks polis əməkdaşlarından qaçanda əlində onlardan birinə doğru nəsə tuşladığı görünür.

“Bu məqamda Atlanta polis əməkdaşı yerə əyilir, qoburundan silahını çıxarır və cənab Brooks-a atəş açır, o yerə yıxılır”, – CTB direktoru Vic Reynolds iyunun 13-də deyib.

Videolardan birində Brooks artıq yerdə cansız olduğu görünür.

Brooks ailəsinin vəkili L. Chris Stewart deyib ki, ona atəş açan polis əməkdaşı “ölümcül gücdən əsaslandırılmamış, qətlə bərabər şəkildə istifadə”də ittiham olunmalıdır.

“Hüquq-mühafizə orqanlarında hər iki yoldan istifadə oluna bilməz. Elektroşokerin öldürücü silah olmadığını deyə bilməzsiniz... Afroamerikalı onu götürüb qaçanda bu, öldürücü silaha çevrilir və onu kiməsə qarşı boşaltmağa təhrik edir”, – Stewart vurğulayıb.

Həftəsonu Avropada irqçiliyə qarşı etirazlar davam edib. Britaniyada polis 113 nəfəri saxlayıb. Londonda ifrat-sağçılar polis əməkdaşları ilə toqquşub. Polis “Black Lives Matter” hərəkatına dəstək aksiyasının ifrat sağçıların etirazından ayrı keçirildiyini bildirib.

Baş nazir Boris Johnson zorakılığı pisləyib, “bərabərsizliyin bütün aspektlərinin” araşdırılması üçün yeni komissiya yaradıldığını deyib.

Johnson iyunun 15-də “The Telegraph” qəzetində yazıb ki, irqçiliklə “etməli olduğumuz çox şey var”.

XS
SM
MD
LG