İyunun 17-dən ABŞ-ın Suriya iqtisadiyyatına yeni sanksiyaları qüvvəyə minir. Məqsəd Prezident Bashar al-Assad və onun tərəfdarlarını hərbi qələbənin faydasından məhrum etməkdir.
Birləşmiş Ştatlar və Avropa Birliyi indiyədək Suriyaya sanksiya tətbiq edib. Ancaq son sanksiyaların məqsədi Dəməşqlə biznes quran fərdləri, qurumları, şirkətləri cəzalandırmaqdır.
Sanksiya qanunundan Assad-ın əsas dəstəkləyici qüvvələri olan Rusiya, İran və Livanın Hizbullah silahlı qruplaşmasına qarşı da istifadə oluna bilər.
Gəlir və dəstəkdən məhrum etmək
Ancaq qanunvericiliyin Çinə, eləcə də İordaniya, Livan, İraq və Körfəz ölkələri kimi regional oyunçulara da təsiri olacaq. Belə ki, onlar doqquz illik müharibədən sonra yenidənqurmaya başlamaq istəyən Suriya ilə münasibət yaratmağa çalışırlar.
ABŞ-ın BMT-dəki səfiri Kelly Craft iyunun 16-da BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, sanksiyalar “Assad rejimini irimiqyaslı vəhşiliklər və insan haqları pozuntularının törədilməsində istifadə etdiyi gəlir və dəstəkdən məhrum edəcək”. Səfirin sözlərinə görə, bu pozuntular siyasi həllə mane olur, sülh perspektivlərinə ciddi ziyan vurur.
Craft deyib ki, Assad Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirməlidir. Qətnamədə atəşkəs, seçki keçirilməsi, BMT-nin liderliyi ilə çoxdan dayanmış danışıqlar və siyasi keçid məsələləri əksini tapıb.
Sözügedən qanun Caesar Aktı adlanır, Konqres tərəfindən dekabrda qəbul olunub. Keçmiş hərbi fotoqraf olan Caesar 2014-cü ildə Suriyadan qaçıb, özüylə Assad həbsxanalarında qəddarlığı əks etdirən 55 min foto aparıb.
Müharibənin edə bilmədiyini...
Suriya hökuməti ölkə ərazisinin böyük hissəsini üsyançı fraksiyalardan geri alıb, yalnız şimal-qərbdəki İdlib regionu və kürdlərin nəzarətində olan bəzi ərazilər qalıb.
2011-ci ildə başlanan vətəndaş müharibəsində 700 minədək insan həlak olub. Ancaq indi rejim Pirr qələbəsi ilə üz-üzədir. Şəhərlər dağıdılıb, milyonlarla köçkün və yoxsul var, qiymətlər bahalanır, milli valyuta çökür.
Tənqidçilərin fikrincə, sanksiyalar pis niyyət güdür, Suriyanın yenidənqurma cəhdlərini əngəlləməklə yalnız sıravi suriyalılara ziyan vuracaq. Onlar deyirlər ki, məqsəd qeyri-realdır, Assad və təəfdarlarını devirmək niyyəti güdür.
“Doqquz illik müharibə və yüzminlərin ölümü Assad-ın kursunu dəyişə bilmədi. Müharibənin edə bilmədiyini sanksiyalar edə bilərmi?” – Oklahoma Universitetində Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Joshua Landis AzadlıqRAdiosuna (RFE/RL) deyib.
“Sanksiyalardan yalnız günahsız insanlar ziyan görəcək. Suriyalılar onsuz da diz üstə çöküblər. Bu onları bir az da çökdürəcək”, – o vurğulayıb.