Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:35

Koronavirusdan ölən amerikalıların sayı müharibəni keçib


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 1-ci Dünya müharibəsində həlak olmuş ABŞ əsgərlərinin sayını ötüb. Bir sıra ştatlarda pandemiya sürətlənməkdədir.

İyunun 16-na olan məlumata görə, ABŞ-da virusdan 116 min 900-dən çox xəstə dünyasını dəyişib.

1-ci Dünya müharibəsi zamanı 116 min 516 amerikalı həlak olmuşdu. Onlardan 53 min 402 nəfəri döyüş şəraitində, 63 min 114 nəfəri isə xəstəlikdən, əsasən 1918-ci il qripindən ölüb.

Dünya üzrə isə virusa yoluxanların sayı 8,2 milyona yaxınlaşır, onlardan 444 mini vəfat edib.

Prezident təkrar təcridi istisna edir

Ölkə boyunca bizneslər açılmaqdadır. Günə isə ortalama 23 min COVID-19 yoluxması qeydə alınır.

20-dək ştat son iki həftədə yeni yoluxmalarda artım qeydə alırlar. Florida, Texas və Arizonada xəstəxanaya yerləşdirilənlərin sayında da artım var.

Yeni yoluxmaların bir qismi testlərin miqyasının genişləndirilməsi ilə izah oluna bilər. Ancaq səhiyyə ekspertləri bir səbəbi də iqtisadiyyatın yenidən açılmasında görürlər.

Prezident Donald Trump iqtisadiyyatı canlandırmağa çalışır. O, təkrar təcriddən söhbət getmədiyini deyib. Baxmayaraq ki, yoluxma sayı 2,1 milyonu keçib.

Birləşmiş Ştatlar, Meksika və Kanada iyulun 21-dək sərhədlərini bağlı saxlamağa razılaşıblar.

Avropada isə bir sıra ölkələr üç aylıq qadağalardan sonra bu həftə sərhədləri açıb.

Latın Amerikası, Çin

Meksika vəziyyət ağır olan ölkələrdən biridir. Gündəlik ölü sayı 730, ümumi virus qurbanları isə 18 min 310 nəfərdir. Ancaq real rəqəmlərin xeyli yüksək olduğu güman edilir.

Latın Amerikası hazırda qlobal pandemiyanın mərkəzində dayanır. Braziliya, Kolumbiya və Peruda virus tüğyan edir.

Braziliyada yoluxma sayı sürətlə 1 milyona yaxınlaşır, ölü sayı 45 mini keçib.

Çindən də narahatedici xəbərlər gəlir. İyunun 17-də Pekində 1255 hava reysi təxirə salınıb. Son altı gündə paytaxtda 137 yeni yoluxma qeydə alınıb deyə hökumət şəhərin bəzi yerlərini qapadıb.

21 milyon sakini olan Pekindən o qədər də vacib olmayan çıxışlar dayandırılıb, şəhəri tərk etmək istəyən test nəticələrinin mənfi olduğunu göstərməlidir.

Bütün bu baş verənlər virusun kökünü kəsməyin necə çətin olduğunu göstərir. Virus ötən ilin sonunda Çindı peyda olmuşdu.

Yeddi həftədən çox idi Pekində yalnız xaricdən gələnlərdə koronavirus aşkarlanırdı.

XS
SM
MD
LG