ABŞ-ın demokrat və respublikaçı millət vəkilləri ölkə kəşfiyyat başçılarının Rusiyanın Talibana bağlı yaraqlılara Əfqanıstandakı ABŞ hərbçilərinin öldürülməsi üçün mükafat təklif etdiyinə dair Konrqesə tam heyətdə məlumat verməsini tələb ediblər.
Prezident Donald Trump ona bu barədə məlumat verilmədiyini deyib. O bildirib ki, kəşfiyyat başçıları mükafat barədə məlumatın etibarlı olmasına şübhə ediblər.
Bu barədə ilk dəfə məlumat yayan The New York Times iyunun 26-da iddia edib ki, bu barədə məlumat prezidentə hələ mart ayında verilib.
İyunun 29-da Nümayəndələr Palatasının spikeri Nancy Pelosi ölkə kəşfiyyatının başçılarına məktub yazaraq, onlardan Konqresə dərhal məlumat vermələrini tələb edib:
“İndi suallar doğur: Prezident məlumatlandırılıbmı? Əgər ona məlumat verilməyibsə, bu, niyə baş verməyib? Konqres niyə məlumatlandırılmayıb?”
Senatdakı demokrat azlığın başçısı Chuck Schumer Milli Kəşfiyyat İdarəsinin başçısı John Ratcliffe və Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Gina Haspeldən bütün senatorlara bu hadisə barədə hesabat verilməsini tələb edib.
İyunun 29-da Ağ Evin sözçüsü Kayleigh McEnany deyib ki, hər iki partiyadan olan millət vəkillərindən ibarət qrupa tezliklə məlumat veriləcək.
McEnany israr edib ki, sözü gedən məlumatın etibarlığı məsələsində kəşfiyyat icmasında “konsensus yoxdur”.
Hətta prezidentə yaxın respublikaçılar da məlumat verilməsini tələb edirlər.
Təkzib olunur
Konqresmen Liz Cheney iyunun 28-də deyib ki, qəzetin yazdıqları doğrudursa, konqresmenlər “kimin nə zaman xəbəri olduğunu” bilməlidirlər. Cheney Twitter-də yazıb ki, Ağ ev prezidentə və vitse-prezidentə niyə informasiya verilmədiyini izah etməlidir.
O həmçinin tələb edib ki, ABŞ qüvvələrinin qorunması, Rusiya Prezidenti Vladimir Putin-dən hesabat tələb olunması üçün hansı işlər görüldüyü açıqlansın.
“The New York Times” adını çəkmədiyi ABŞ rəsmilərinə istinadla yazıb ki, Avropada qətl cəhdlərində adı hallanan Rusiyanın GRU hərbi kəşfiyyatı ötən il ABŞ hərbçilərinə qarşı uğurla hücumlara görə mükafatlar təklif edib. Qəzetin yazmasına görə, ABŞ kəşfiyyatı bir neçə ay əvvəl belə bir qənaətə gəliblər ki, Rusiyanın hərbi kəşfiyyatı Talibana bağlı silahlılara mükafatlar təklif edib və kəşfiyyat bu haqda Trump-ı bilgiləndirib.
Trump iyunun 28-də tvitində yazıb ki, ona bu məsələ haqda heç vaxt informasiya verilməyib. Onun sözlərinə görə, vitse-prezident Mike Pence, yaxud qərargah rəisi Mark Meadows-a da “rusiyalılar tərəfindən Əfqanıstandakı hərbçilərimizə guya hücumlar olunması” haqda informasiya verilməyib.
“Hər kəs bunu təkzib edir və bizə çox hücum olmayıb”, – prezident yazıb.
Ağ ev və milli kəşfiyyatın direktoru da məlumatı təkzib edib. Rusiyanın Xarici İşlər Nazirliyi məlumatı rədd edib. Taliban rəhbərliyinin sözçüsü iyunun 27-də bildirib ki, qruplaşma iddianı “qəti şəkildə təkzib edir”.
“Putini razı salmaqdan ötrü...”
Qəzet iyunun 28-də əlavə informasiya dərc edib, Əfqanıstandakı ABŞ kəşfiyyatı və xüsusi əməliyyatçılarının öz rəhbərlərini hələ yanvarda Rusiyanın mükafat planından xəbərdar etdiyini yazıb, məsələdən xəbərdar rəsmilərə istinad edib.
Nümayəndələr Palatasının spikeri Nancy Pelosi iyunun 28-də deyib ki, onun bu məlumatdan xəbəri olmayıb və Konqresi bilgiləndirməyə çağırıb.
Onun sözlərinə görə, bu məlumat və Trump-ın təkzibi prezidentin Putin-i razı salmaqdam ötrü Rusiyaya qarşı iddiaları daha artıq gözardı etdiyini göstərir.
“Burada çox yanlış bir şey var. Ancaq bunun cavabı olmalıdır”, – ABC News-a danışan Pelosi deyib ki, Trump ABŞ-ın NATO-da liderliyini, Almaniyadakı qüvvələrin sayını azaltmaqla, Rusiyanı yenidən Böyük Yeddiliyə dəvət etməklə artıq Putini dəstəkləyib. Moskva bir neçə il bu qrupun üzvü olub və qrup G8 adlanıb. 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra klubdan çıxarılıb.
Senatda demokratların lideri Chuck Schumer isə bu həftə Senatda müzakirəyə çıxarılacaq qanun layihəsində Rusiyaya qarşı sərt sanksiyalar tələb edib.