Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:51

Rusiya xarici uçuşlara qadağanı avqustun 1-dək uzadır


Rusiyanın bütün aviasiya idarələrini özündə birləşdirən qurumu – Rosaviasiya koronavirus pandemiyası ilə bağlı beynəlxalq uçuşlara qoyulmuş qadağanı avqustun 1-dək uzadıb.

Bundan əvvəl iyulun 15-dən 15 xarici ölkə ilə uçuşların bərpa oluna biləcəyi xəbər verilmişdi.

Rosaviasiyanın bu barədə bütün hava limanlarına göndərdiyi teleqramda deyilir ki, söhbət təkcə Rusiyaya gələn yox, həm də Rusiyadan gedən uçuşlardan gedir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, uçuşların qismən bərpa edilməsi barədə müraciət Rospotrebnadzora göndərilsə də, oradan müsbət cavab alınmayıb.

Öz növbəsində ilkin olaraq hansı ölkələrlə hava nəqliyyatı əlaqəsinin bərpa olunacağı barədə də məlumat verilmir.

İyunun 30-da məlum olmuşdu ki, Avropa İttifaqı iyulun 1-dən bir sıra ölkələrlə sərhədlərini açır.

Bunların arasında Rusiyanın adı yox idi. Avropa İttifaqı sərhədlərin yalnız 14 ölkə üçün açılacağını bildirmişdi.

Bu da qeyd olunurdu ki, bu ölkələrdəki epidemioloji vəziyyət Avropa İttifaqındakından pis olmamalıdır.

Əvvəlcə MDB?

Bu arada iki mənbə Interfax agentliyinə deyib ki, qadağanla bağlı teleqram “texniki” sənəddir vəhökumət uçuşları iyul ayında da bərpa edə bilər.

Hökumət rəsmiləri agentliyə bildiriblər ki, hava nəqliyyatı mübadiləsi ilk növbədə MDB ölkələrindən başlana bilər.

Bu da xəbər verilir ki, MDB ölkələri ilə Rusiya arasında uçuşların bərpa olunması vaxtı, həm də bu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq.

Rusiya nəqliyyat naziri Yevgeny Ditrikh iyunun 30-da jurnalistlərə demişdi ki, böyük bir ehtimalla Rusiyanın MDB ölkələri ilə hava daşımaları daha tez bərpa oluna bilər.

Bununla belə rəsmilər heç bir konkret tarix bildirmirlər.

XS
SM
MD
LG