Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:24

Rusiya Duması Aya Sofya ilə bağlı Türkiyə parlamentinə müraciət edib


Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması Türkiyə Böyük Millət Məclisinə müraciət edərək hakimiyyəti məşhur Aya Sofya məbədinin məscidə çevrilməsi planından əl çəkməyə inandırmağa çağırıb.

Rusiyanın TASS dövlət xəbər agentliyi bildirib ki, Duma müraciətin mətnini iyulun 7-də keçirilən sessiyasında qəbul edib.

Agentlik CNN Türk telekanalına istinadən bildirir ki, İstanbuldakı Aya Sofya muzeyinin statusunun məscidə çevrilməsi barədə məsələyə Türkiyə parlamentində baxılmalıdır.

Rusiya vətəndaşları üçün həssəs məsələ

Dövlət Dumasının müraciətində deyilir ki, İstanbuldakı Aya Sofya muzeyinin statusunun dəyişdirilməsi “Rusiya vətəndaşları üçün olduqca həssas bir məsələdir”.

Müraciətdə qeyd olunur ki, Aya Sofya Bizans memarlığının incisi kimi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və İstanbula baş çəkən rusiyalı turistlər üçün maraq doğuran məkanlardan biridir.

Dövlət Dumasının deputatları “muzeyin statusunun dəyişdirilməsindən bu memarlıq abidəsinə ziyan dəyə biləcəyindən” narahat olduqlarını bildirirlər.

Aya Sofya
Aya Sofya

Müracətdə bu da deyilir ki, “Rusiya millət vəkilləri Rusiya və Türkiyə arasında dost münasibətləri dərindən qiymətləndirirlər” və “bu münasibətlərin xüsusilə də indi, koronavirus pandemiyasının davam etdiyi bir zamanda xüsusi əhəmiyyəti var”.

Rusiya deputatları türkiyəli həmkarlarından “vəziyyəti diqqətlə təhlil etməyə” və “Aya Sofyanın statusunun dəyişdirilməsi barədə qərar qəbul edənləri müdriklik nümayiş etdirməyə və müasir Türkiyənin banisi Mustafa Kemal Atatürkün bu abidəni sülh və dinlərarası harmoniya simvoluna çevirən qərarını ləğv etməməyə” çağırırlar.

Bundan əvvəl CNN Türk xəbər vermişdi ki, Türkiyə Dövlət Şurası bu məsələni prezident Recep Tayyip Erdoğanın tapşırığı ilə iyulun 2-də nəzərdən keçirib.

Telekanal bunu də bildirirdi ki, həmin müzakirə 17 dəqiqə çəkib və son qərar 15 gün ərzində qəbul olunacaq.

“Xristianlığa hədə” və “Türkiyənin suverenliyi”

Bundan bir gün əvvəl, iyulun 6-da Rusiya Pravoslav Kilsəsinin partiarxı Kirill Aya Sofyanın məscidə çevrilməsinin “Xritianlığa təhlükə” olduğunu bəyan etmişdi.

Reuters agentliyi yazır ki, prezident Recep Tayyip Erdoğanın bu planı dünyanın bir neçə siyasi və dini rəhbəri, o cümlədən İstanbul patriarxı, dünya pravoslavlarının lideri, Yunanıstan, Fransa və ABŞ tərəfindən tənqid olunur.

Patriarx Kirill deyib:

“Aya Sofyaya qarşı hədə bütün Xristian sivilizasiyasına, yəni bizim dinimizə və tariximizə hədədir. Aya Sofyanın başına gətiriləcək hər hansı bir bəla rus xalqı arasında dərin ağrıya səbəb olacaq”.

Bu arada prezident Vladimir Putinin sözçüsü Dmitry Peskov isə xatırladıb ki, Aya Sofya rusiyalı turistlərin ən sevdikləri məkanlardan biridir.

Erdoğan ötən həftə bildirmişdi ki, abidənin təyinatının dəyişdirilməsi planının tənqidi Türkiyənin suverenliyinə hücum kimi qiymətləndirilməlidir.

Aya Sofya

Bizans memarlığının şah əsəri olan Aya Sofya məbədi 532-537-ci illərdə imperator I Justinian-ın əmri ilə tikilib.

Bizans imperiyasının 1453-cü ildə süqutundan sonra türklər xristian məbədini məscidə çeviriblər.

Müasir Türkiyə Respublikasının banisi Mustafa Kemal Atatürk 1935-ci ildə bu məscidi muzeyə çevirən fərman imzalayıb.

Məbəd 1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Reuters yazır ki, Aya Sofyanın muzey statusu neytral bir məkan kimi əksər xristianları və müsəlmanları qane edirdi.

XS
SM
MD
LG