Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:49

Abbas Lisaninin 15 illik həbs cəzası dəyişdirilmədi


Abbas Lisani
Abbas Lisani

İran Ali Məhkəməsi tanınmış milli fəal Abbas Lisaniyə Ərdəbil məhkəməsinin kəsdiyi 15 illik həbs cəzasını dəyişməyib.

Ali Məhkəmənin qərarı iyulun 4-də fəalın vəkili Mohammad Reza Faghihi-yə elan olunub.

Məlumatı AzadlıqRadiosu-na əslən İrandan olan azərbaycanlı fəal Vahid Qaradağlı verib.

Lisani 2019-cu ilin iyulunda Ərdəbil İnqilab Məhkəməsi tərəfindən “Qərbi Azərbaycan vilayətində türk icmasını qızışdırmaqda”, “GAMOH adlı qrupun təşkili və idarəçiliyində, ona üzv olmaqda”, “ölkənin təhlükəsizliyini pozmaqda” ittiham bilinib.

İşə eyni hakim baxıb

Məhkəmə onu “ölkənin təhlükəsizliyini pozmaqda” təqsirli bilərək səkkiz illik həbsə və iki il sürgünə məhkum edib. İlk iki ittiham üzrə siyasi fəala bəraət verilib.

Abbas Lisani Apellyasiya Məhkəməsinə müraciət etmişdi. 2019-cu ilin oktyabrında Ərdəbil Apellyasiya Məhkəməsi onun həbs cəzasını 8 ildən 15 ilə qaldırıb, fəalın daha öncə bəraət aldığı iki ittihamı da cəzaya əlavə edib. Lisani bundan sonra İran Ali Məhkəməsinə müraciət edib.

İlkin instansiya məhkəməsinə Lisani-yə qarşı hökmü çıxaran hakim Atabati Apellyasiya Məhkəməsində də onun şikayətinə baxıb.

Lisani 2019-cu ilin yanvarından Ərdəbil həbsxanasında saxlanır. Amnesty International hüquq-müdafiə təşkilatının vicdan məhbusu kimi tanıdığı fəal son 15 ildə dəfələrlə həbs olunub, İran Azərbaycanından türklərin dil və konstitusiya hüquqları uğrunda dinc mübarizəsinə görə məhkum edilib. O, Təbriz, Eher, Ərdəbil, Yəzd və Şiraz şəhərlərində həbsxana və sürgün həyatı yaşayıb.

İran rejimi isə ölkədə milli azlıqların hüquqlarının təmin olunduğunu bildirir.

XS
SM
MD
LG