Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:15

Səhiyyə Nazirliyi, yoxsa TƏBİB dilemması


Bəzilərinin fikrincə, TƏBİB üstünə düşən vəzifəni uğurla yerinə yetirə bilmədi, nazirliyin isə pandemiya dövründə kənarda qalması uğursuz addım idi.

“COVİD-19 ilə mübarizədə daha nəhəng qurum var - Operativ Qərargah”

Azərbaycanda son günlər “Koronavirus pandemiyasına qarşı mübarizə zamanı niyə bütün səlahiyyətlər TƏBİB-ə tapşırıldı və nəticədə Səhiyyə Nazirliyi prosesdən kənarda qaldı” sualı daha çox səslənir. Yaşlı nazirin son dörd ayda görünməməsi də ciddi narazılıqla qarşılanır. Bəzilərinin fikrincə, TƏBİB üstünə düşən vəzifəni uğurla yerinə yetirə bilmədi, nazirliyin isə pandemiya dövründə kənarda qalması uğursuz addım idi.

Şahin Cəfərli, arxiv foto
Şahin Cəfərli, arxiv foto

Məsələn, siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, “Səhiyyə Nazirliyi kimi nəhəng strukturun kənara atılması və epidemiya ilə mübarizə kimi çox ağır, məsul bir işin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yenicə yaradılmış publik hüququ şəxsə həvalə olunması Azərbaycanın müasir tarixinin ən uğursuz qərarlarından biridir”.

Onun fikrincə, Səhiyyə Nazirliyi “çox bərbad idarə olunsa belə belə durumlarda ən azından necə davranmaq, hansı minimal tədbirləri görmək lazım olduğunu, məsələnin metodologiyasını bu nazirlikdə, onun strukturlarında bilənlər var”.

“Təsəvvür edin, TƏBİB sədri heç prezident tərəfindən də təyin olunmur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adını çoxumuzun bilmədiyi sədrinin təyin etdiyi, agentlik nəzdindəki publik hüquqi şəxsin sədri bütöv xalqın sağlamlığına, yeni növ virusla mübarizə işinin təşkilinə cavabdeh şəxs kimi müəyyənləşdirildi”.

Ş.Cəfərlinin qənaətincə, Azərbaycanda koronavirusla mübarizə siyasəti iflasa uğrayıb.

“Koronavirus bəlası bitəndən sonra müzakirə açıb münasibət göstərmək olar”

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Milli Məclisdə hakim Yeni Azərbaycan partiyasını təmsil edən Hikmət Babaoğlu düşünür ki, ölkədə mövcud olan bütün səhiyyə resurslarının hamısı koronavirusla mübarizəyə səfərbər olunmalıdır və olunub da. Onun sözlərinə görə, hər bir səhiyyə qurumunun özünəməxsus imkanları var və onların hamısının fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koordinasiya olunur.

“Məncə, hökumət çox effektiv mübarizə metodu yarada bilib. Amma nəzərə alın ki, biz pandemiyadan danışırıq, bu, çox ciddi hadisədir, yaranan kütləvilik bütün dünya ölkələrinin səhiyyəsinə güclü təzyiq yaradır. Hesab edirəm ki, Azərbaycan uğurlar əldə edə bilib”, - deputat söyləyir.

“Bu gün biz müharibə vəziyyətindəyik..."

O, TƏBİB və Səhiyyə Nazirliyinin tənqid edilməsinə də münasibətini bildirir:

“Bu gün biz müharibə vəziyyətindəyik. Mövcud müharibədən yalnız hər bir fərd, qurum səmərəli mübarizə nəticəsində qalib ola bilərik. Bu gün bir qurumu ayırıb günahlandırmaq yox, ədalətli olmaq və koronavirusa qarşı mübarizə aparmaq vaxtıdır. Ona görə də heç kəsi günahlandırmağa ehtiyac yoxdur. Yaxşı olar ki, hər bir vətəndaş özünün bu prosesdə nə qədər məsuliyyətli olması haqqında düşünsün. O cümlədən, hər bir vətəndaş cəmiyyət qarşısında sosial məsuliyyətini yerinə yetirmək üçün hansı addımları atmaq barədə düşünsün. Bu mənada ittihamları doğru hesab etmirəm”.

Hikmət Bababoğlunun fikrincə, indi yox, “koronavirus bəlası bitəndən sonra müzakirələr açıb münasibət göstərmək olar”.

Həkim: “COVİD-19 infeksiyası ilə mübarizədə nəhəng qurum var - Operativ Qərargah”

Vaqif Qarayev
Vaqif Qarayev

Həkim Vaqif Qarayev-sə sözə ondan başlayır ki, Gürcüstanda da COVİD-19 infeksiyası ilə Səhiyyə Nazirliyi məşğul olur, amma ictimaiyyət qarşısına 3-4 nəfər çıxır.

“Baş infeksionist, labarotoriya müdiri, Baş epidimoloq və bir neçə xəstəxananın baş həkimi. Nazirin hara getməsi, yaxud harda görünməsi ictimaiyyətin müzakirə predmetinə çevrilmir. Məsələnin məğzində bu suallar dayanmamalıdır. Azərbaycana gəldikdə, TƏBİB İcbari tibbi sığorta agentliyinin tərkibində yaradılan bir qurumdur. Ona görə bütün tibb müəssisələri müvafiq nazirlikdən alınıb TƏBİB-ə verildi. Ardınca da qəfildən COVİD-19 epidemiyası başladı. Yenidən tibb müəssisələrinin nazirliyə qaytarılması qeyri-mümkün olduğundan TƏBİB yeni koronavirusla mübarizədə öndə oldu və burda qeyri-adi bir şey yoxdur”.

Vaqif Qarayev TƏBİB-in daha çox hədəfə gətirilməsi ilə razılaşmır və güman edir ki, sadəcə, qurumun sədri Ramil Bayramlının efirdə çox görünməsi ictimai tənqidi ona qarşı gücləndirir. Onun sözlərinə görə, COVİD-19 infeksiyası ilə mübarizədə “nəhəng qurum var - Operativ Qərargah”, dövlətin bütün nazirlikləri, idarələri də bu quruma tabedir.

“Avtobuslarda sıxlıq yaranır, indi Ramil Bayramlı nəqliyyatda qayda-qanun yaradandır?! Yaxud satış markelərində qayda-qanununu da o yaratmalıdır? TƏBİB tibbi-epidomoloji baxımdan məsləhətlərini təqdim edir, icra onluq deyil. Ona görə TƏBİB-i söymək mənasızdır. Başqa bir məqam, mayın 18-ə qədər sərt karantin idi, həmin tarixdən yumşalma oldu, karantini açmaq qərarını TƏBİB yox, Operativ Qərargah verir. O cümlədən, ticarət mərkəzləri, kafe-restoranlar niyə açıldı, mən bilmirəm, TƏBİB bu məsələdə israr edibmi? Mən Ramin Bayramlının bu məsələdə israrlı olduğuna inanmıram. Başqa bir fakt, metro bağlanırsa, xəttə çoxlu avtobus buraxılmalıdır ki, sıxlıq yaranmasın. Düzdür, BNA-nin rəsmisi Mais Ağayev avtobusların artırılması ilə bağlı tapşırıq verildiyini bildirib, amma nə zaman? Şəhərdə durum heç də ürəkaçan deyil. Operativ Qərargah bu işlərdə TƏBİB-i yükləməsin, özü baxsın, onsuz da bu qurumda hökumətin bir çox sahələrinə nəzarət edən qurumlar, icra hakimiyyətləri var”, - həkim Vaqif Qarayev söyləyir.

Anar Məmmədli: “...prosesi mütəxəssislərin öhdəsinə buraxmayıblar və siyasi qərarlar daha çox rol oynayıb”

Anar Məmmədli, 2019
Anar Məmmədli, 2019

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli-nin sözlərinə görə, pandemiya dövründə Azərbaycanın səhiyyə xidmətində ciddi problemlərin olduğu üzə çıxdı. O, problemlərə görə ayrı-ayrılıqda Səhiyyə Nazirliyini və TƏBİB-i tənqid etməyi doğru saymır. A.Məmmədli səhiyyə xidmətinin bir-iki struktura bağlı olmadığını da qeyd edir.

“Bu, ümumilikdə dövlətin ictimai səhiyyə xidmətinə uzun illər diqqətsiz yanaşmasının, ictimai səhiyyə xidmətində islahatlar aparmamasının nəticəsidir”, - o əlavə edir.

Anar Məmmədli xeyli sayda problemlər sırasında tibb işçilərinin, ixtisaslı kadrların hazırlanması, peşəkarlığın artırılması, dünya standartlarına uyğunlaşdırılması, icbari tibbi sığortanın tətbiqi, xəstəxanaların tibbi avadanlıqlarla təchizatı, özəl və dövlət sektorunda elmi-tədqiqat labaroratiyalarının yaradılmasına şəraitin olmamasını da vurğulayır.

Koronaviruslu xəstə: 'Dərmana öz cibimdən 300 manat xərcləmişəm'
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

O, hökumətin bu sahədə yol verdiyi əsas qüsurlardan biri kimi şəffaflığın və hesabatlılığın olmamasını da söyləyir:

“Bütün sadaladıqlarımı bir araya gətirdikdə TƏBİB, yaxud Səhiyyə Nazirliyini ayrıca qiymətləndirmək lüzumsuz olur. Amma fövqəladə hal kimi koronavirus pandemiyası başlayanda TƏBİB yeni layihə kimi güvən doğurduğundan, orda gənc kadrlar olduğundan hökumət bütün səlahiyyətləri bu quruma verdi. Məncə, bu qərarın verilib-verilməməsindən daha çox Səhiyyə Nazirliyi ilə TƏBİB arasında kommunikasiyanın hansı səviyyədə olması araşdırılmalıdır. Görünən odur ki, ilk gündən prosesi mütəxəssislərin öhdəsinə buraxmayıblar və siyasi qərarlar daha çox rol oynayıb. Əgər ilk gündən prosesi mütəxəssislərin öhdəsinə buraxsaydılar, mövcud kadr potensialından ağıllı və məntiqli təklifləri nəzərə alıb və həm də başqa ölkələrin təcrübələrindəndən istifadə etsəydilər, bu gün biz TƏBİB, yoxsa Səhiyyə Nazirliyi kimi dilemma qarşısında qalmazdıq”.

Xatırlatma

Çin, Wuhan şəhərində laboratoriya, arxiv foto
Çin, Wuhan şəhərində laboratoriya, arxiv foto

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkarlanıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər təxminən 12 milyondan çox şəxsin yoluxduğu, onlardan da 500 mindən çoxunun öldüyü bildirilir.

Azərbaycanda martın 24-dən karantin elan olunub. İndiyədək ölkədə ümumilikdə 23521 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 14607 nəfərin sağaldığı, 298 nəfərin vəfat etdiyi, 8616 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdiyi deyilir.

Ölkədə gündəlik yoluxma sayı 500-dən çoxdur.

XS
SM
MD
LG