Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:58

Putin-ə koronavirus vaksini vurulubmu – Qərb mediası


V.Putin həkim müayinəsində. 2011
V.Putin həkim müayinəsində. 2011

Könüllülər iyunun sonunda bildiriblər ki, özlərini yaxşı hiss edirlər, heç bir yan təsir, ağırlaşma olmayıb

Prezident Vladimir Putin-ə koronavirus vaksini vurulmayıb, çünki ona hələ sertifikat verilməyib. Bunu Rusiya dövlət başçısının sözçüsü Dmitry Peskov deyib.

“Xeyr. Bu vaksinə sertifikat verilməyib. Hər halda, sertifikat verilməmiş vaksini dövlət başçısına vurmaq yaxşı iş deyil”, – RİA “Novosti” Peskova istinadla yazıb.

Onun sözlərinə görə, Rusiyada koronavirus peyvəndindən danışmaq hələ tezdir, çünki hələ hazır vaksin yoxdur, ancaq onun eksperimental istifadəsi ümumilikdə ümidverici nəticələr göstərib.

“Həqiqətən də müxtəlif vaksinlər fərqli sınaq mərhələsindədirlər, bəzi mərhələlər artıq tamamlanıb və bu sınağın ümidverici nəticələri var. Ancaq eyni zamanda elə bir vaksin yoxdur ki, bir neçə mərhələsi artıq tamamlanmış olsun, ona görə peyvəndləmədən danışmaq hələ tezdir, vaksinin rəsmi təsdiqlənməsini gözləmək lazımdır”, – Peskov vurğulayıb.

Onun sözlərinə görə, vaksin ilk növbədə ona daha çox ehtiyacı olanlar, risk qrupundakılar üçün əlçatan olacaq.

Daha öncə Seçenov Universitetindən Vadim Tarasov Rusiya elitasının vaksinə hələ apreldə çıxış əldə etməsinə dair məlumatları şayiə və spekulyasiya adlandırıb.

***

Rusiyanın Səhiyyə naziri Aleksei Kuznetsov da iyulun 20-də bu məlumatı təkzib edib, vaksin sınaqlarının hələ tamamlanmadığını söyləyib.

“Qanunvericiliyə uyğun olaraq, sınaqlardan sonra yeni vaksinin qeydiyyata alınması prosesi başlamalıdır. İndiki məqamda vaksinin vətəndaşlara çatımlı olması üçün dövriyyəsinə icazə verilməyib, klinik tədqiqatdan kənar istifadəsi mümkün deyil”, – Kuznetsov deyib.

“Bloomberg” yazırdı ki, Rusal alüminium nəhənginin, “Phosagro” kimyəvi məhsullar holdinqinin baş menecerlərinə də sözügedən vaksinlər vurulub. Şirkətlər məsələni şərh etməyiblər.

***

Rusiya klinik vaksin sınağını başa çatdırır

Bu gün – iyulun 20-də Burdenko adına hərbi hospitaldan koronavirus vaksininin klinik sınaqlarına qatılmış könüllülərin sonuncu qrupu buraxılmalıdır. Bu haqda “Krasnaya zvezda” qəzetinə müsahibəsində Rusiya Silahlı Qüvvələrində işləyən, biologiya elmləri doktoru, professor Sergei Borisevich deyib.

“RBK” portal yazır ki, qrupda 20 nəfər olub. Onlar üzərində Müdafiə Nazirliyi və N.F.Gamaleya adına Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mili Mərkəzinin birgə hazırladığı vaksin sınaqdan çıxarılıb.

Borisevich-in sözlərinə görə, alimlər hələ “nəhəng analitik iş aparmalı, yekun hesabatları hazırlamalıdırlar”. “Ancaq analizlərin mövcud nəticələri vaksinasiyanın koronavirusa qarşı gərəkən anticismləri yaratdığını göstərir, vaksinin komponentləri təhlükəsizdir, insan tərəfindən yaxşı qarşılanır”, – alim vurğulayıb.

Onun sözlərinə görə, orqanizmdə koronavirusa qarşı immuniteti formalaşdıran anticisim uzun müddət qalır.

Könüllülər üzərində kilinik sınaqlara iyunun 18-də başlanıb. Birinci qrupda 18 nəfər olub. İkinci qrupa preparat bir neçə gündən sonra vurulub, çünki ilkin nəticələr sınaqların davam etdirilməsinin mümkünlüyünü göstərib.

Könüllülər iyunun sonunda bildiriblər ki, özlərini yaxşı hiss edirlər, heç bir yan təsir, ağırlaşma olmayıb.

Rusiya ilə Qərbin fərqi

“Bloomberg” agentliyi isə Rusiya elitasının hələ apreldən bəri eksperimental Covid-19 vaksininə çıxış əldə etdiyini yazır.

Agentlik bunu işdən xəbərdar adamlara istinadla yazır. Belə ki, United Co. Rusal alüminium nəhəngi, milyarder maqnatlar, hökumət rəsmiləri hələ aprelin əvvəlindən Moskvadakı dövlətə məxsus Gamaleya İnstitutunun hazırladığı vaksini qəbul ediblər.

Gamaleya vaksinini Rusiya Birbaşa İnvestisiya Fondu maliyyələşdirib, ordu da dəstəkləyib. Ötən həftə Rusiya hərb personalı üzərində birinci faza sınağı başa çatıb. İnstitut 40-dək adamın qatıldığı araşdırmanın nəticələrini hələ yaymayıb. Ancaq daha böyük qrup üzərində növbəti sınaqların başlandığı xəbər verilir.

Agentlik Gamaleya-nın mətbuat idarəsindən, Kremlin sözçüsü Dmitry Peskov-dan açıqlama ala bilməyib.

Rusiyada indiyədək Covid-19-a 750 mindən çox yoluxma təsdiqlənib və dünyada dördüncü yerdədir. Agentlik Gamaleya-nın proqramının Qərbdəki bir çox rəqiblərindən sürətlə gerçəkləşdirildiyini yazır. Fondun rəhbəri Kirill Dmitriev ötən həftə deyirdi ki, avqustun 3-dən üçüncü mərhələ sınaqları başlanacaq, Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ-dən minlərlə insan sınaqlarda iştirak edəcək. Vaksinin hətta sentyabrın əvvəlində ölkə üzrə paylanacağı bildirilir.

Ancaq Qərbdə tədqiqatçıları üçüncü mərhələ sınaqlarını aylarla aparır, təhlükəsizlik və effektivliyi daha yaxşı anlamağa çalışırlar.

Gamaleya-nın vaksini insan adenovirusuna, yəni, adi soyuqdəymə virusuna əsaslanır, immun reaksiyası doğurmaq üçün SARS CoV-2-nin “tikanlı zülalı” (spike protein) ilə qarışdırılıb. Bu, Çinin CanSino Biologics şirkətinin hazırladığı vaksinə oxşardır, həmin ölkədə artıq ikinci faza sınaqlar keçirilir.

Agentlik yazır ki, Rusiyanın biznes və siyasi elitasına bu proqrama könüllü qatılma şansı verilməsi qanunidir, amma potensial iştirakçı axınını önləmək üçün gizli saxlanıb. Yüzlərlə adam proqramda iştirak edib. “Bloomberg” onlarla şəxsin adını dəqiqləşdirsə də, adlarının açıqlanmasını istəməyiblər.

Dünyada koronavirusa 14 milyon yarım insan yoluxub, 604 mindən çoxu vəfat edib.

XS
SM
MD
LG