Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:59

ABŞ Konqresində Azərbaycana aiddiyyəti olan düzəliş qəbul olunub


ABŞ, Kapitoli, arxiv foto
ABŞ, Kapitoli, arxiv foto

Birləşmiş Ştatların Nümayəndələr Palatası ABŞ Müdafiə Nazirliyini insan haqlarını pozmaqda ittiham olunan ölkələrə hər hansı silahların transferi barədə hesabat verməyə təhkim edən qanun düzəlişini qəbul edib.

Qanunvericilik aktının müəllifləri belə ölkələrə misal olaraq Azərbaycanı göstəriblər.

Buna baxmayaraq qanunda konkret olaraq heç bir ölkənin adı yer almayıb.

2021-ci il Milli Müdafiə qanununa iyulun 20-də edilən düzəliş ABŞ-ın hərbi yardım proqramlarına daha geniş Konqres nəzarətini nəzərdə tutur.

Bu qanun düzəlişi Müdafiə Nazirliyindən Birləşmiş Ştatların təhlükəsizlik əməkdaşlığı proqramları vasitəsilə hər hansı xarici vahidlərə maliyyə yardımı göstərildiyinə dair hesabat verməsini tələb edir.

Düzəlişdə bu da qeyd olunur ki, belə yardımların göstərilməsindən əvvəl və ya yardımla eyni vaxtda xarici ölkənin insan haqlarını pozub-pozmadığı nəzərə alınmalıdır.

Keçən və keçməyən düzəlişlər

Bu da xəbər verilir ki, qanun düzəlişinin həmmüəllifləri Konqresin dörd demokrat üzvü – Konqresin erməni kokusunun həmsədri Frank Pallone, Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin başçısı Adam Schiff, habelə Brad ShermanJackie Speier-dir.

Pallone deyib ki, bu düzəliş Ermənistan-Azərbaycan sərhədində hazırkı silahlı toqquşmalar zamanı xüsusilə böyük əhəmiyyət daşıyır. Millət vəkili bu toqquşmalara görə məsuliyyəti Azərbaycanın daşıdığını deyib:

‘Birləşmiş Ştatlar hər hansı bir səbəbə görə dəhşətli insan haqları pozuntuları törədən məsuliyyətsiz avtokratik dövlətlərə yardım və dəstək verməməlidir”.

Millət vəkili əlavə edib ki, ABŞ Dövlət Departamenti öz hesabatında “Azərbaycanda insan haqlarının pozulmasını” qeyd etdiyi halda bu ölkəyə 2018 və 2019-cu illərdə 100 milyon dollarlıq yardım göstərib.

Trend agentliyinin verdiyi xəbərə görə iyulun 21-də Bakıda keçirilən mətbuat konfransında Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ Konqresində “Azərbaycanın əleyhinə” hər hansı düzəlişin qəbul edildiyini inkar edib və bu xəbərləri ABŞ-dakı “erməni lobbisinin daha bir kampaniyası” adlandırıb.

O bunu da əlavə edib ki, “bir sıra konqresmenlərin erməni lobbisi ilə münasibətləri” araşdırılmalıdır.

Konqresdə Ermənistan və Azərbaycana hərbi yardımda paritet yaradılmasına və Azərbaycana yardımın bloklanmasına dair düzəlişlər səsvermədən keçməyib.

Bu düzəlişlərin müəllifləri Speier və Sherman idi.

İyulun 20-də Nümayəndələr Palatası Konqresin Türkiyə kokusunun həmsədrləri – respublikaçı Steve Chabot və demokrat Stephen Cohen-in müəlliflik etdikləri düzəlişi də qəbul edib.

Bu düzəliş ABŞ Dövlət katibindən 1991-ci ildən bəri Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda yaranmış daxili köçkünlərin vəziyyətinə dair hesabat verilməsini tələb edir.

Trend agentliyi xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva iyulun 21-də bu düzəlişin qəbulunu alqışlayan bəyanat verib.

O deyib ki, “hazırkı mərhələdə bu düzəlişin bizim üçün böyük əhəmiyyəti var, çünki bu akt Azərbaycan ərazilərinin işğal olunması faktını bir daha təsdiqləmiş olub”.

Bu düzəliş Amerikada ən güclü lobbi qruplarından biri olan Erməni Milli Komitəsinin kəskin tənqidinə səbəb olub.

Komitənin bəyənatında deyilir ki, Azərbaycandan qovulmuş minlərlə qaçqın bu düzəlişdən kənarda qalır.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

XS
SM
MD
LG