Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:24

Vəfa Nağını cinayət məsuliyyətinə cəlb etmək istəyirlər


Bələdiyyə sədrindən hesabat istəyən Vəfa Nağını gözdən salmağa çalışırlar
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

Bələdiyyə sədrindən hesabat istəyən Vəfa Nağını gözdən salmağa çalışırlar

Neftçala rayonunun Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağının cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur. Bu məqsədlə məhkəmədə xüsusi ittiham qaydasında iddialar qaldırılıb. V.Nağının cəzalandırılmasını istəyənlər isə uzun müddətdir aralarında problem olan Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimov, kəndin Mədəniyyət Evinin rəhbəri İlham Hüseynov və bu qurumun işçisi Anar Abbasovdur.

Onların hər biri ayrıca iddia qaldırıb. Amma hamısı V.Nağının CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını istəyir.

Bələdiyyə sədri iddia edir ki, V.Nağı mediaya müsahibələrində, sosial şəbəkə hesablarından paylaşdığı yazılarında onu təhqir edib, böhtan atıb. İ.Hüseynov isə iyunun 24-də rəhbəri olduğu Mədəniyyət Evində bələdiyyənin iclasından sonra V.Nağının başqalarının yanında onu təhqir etdiyini bildirir. A.Abbasova görə isə, V.Nağının şəkillərinin kənddə dayanacaq və başqa ərazilərə yapışdırılmasında onun adının hallanması ilə böhtana məruz qalıb.

"Məqsəd məni susdurmaqdır"

Bu iddialar üzrə məhkəmə prosesləri ayrı-ayrılıqda keçiriləcək. Amma hamısı üzrə məhkəmə iyulun 22-nə, fərqli saatlara təyin edilmişdi.

V.Nağı AzadlıqRadiosuna bildirib ki, Neftçala Rayon Məhkəməsinə faks göndərərək səhhətilə əlaqədar iştirak edə bilməyəcəyini çatdırıb, prosesin başqa vaxta təyin edilməsini istəyib: "Bu günə (22-iyul-red.) məhkəmə təyin edilib, mənim dünən axşam xəbərim olub. Şəkillərimi yaymaqla biabır eləyib kənddən çıxarmaq istədilər, gördülər ki, alınmadı. İndi başqa yola əl atıblar. Məqsəd məni susdurmaqdır. Orada baş verən qanunsuzluqlar, korrupsiya, məmur özbaşınalığı haqda danışmağımı istəmirlər".

V.Nağı vurğulayıb ki, Azərbaycanda məhkəmə sistemindəki durumu nəzərə alaraq, obyektiv araşdırmaya, ədalətli nəticəyə ümid etmir. Baxmayaraq ki, CM-nin 147 və 148-ci maddələrində həbs də nəzərdə tutulub, amma o, həbs olunacağını düşünmür: "Yəqin ki, ittiham hökmü çıxaracaqlar. Amma o maddələrdəki alternativ cəzalardan hansınısa təyin edərlər. Bu o demək deyil ki, özümü təqsirli bilirəm. Qətiyyən. Təqsirli varsa, o da bələdiyyə sədri, onun tapşırığıyla şəkillərimi yayanlardır".

Bələdiyyə üzvü kənddə şəkillərinin müxtəlif yerlərə yapışdırılması, bələdiyyədə korrupsiya halları barədə şikayətlərinə baxılmamasından da gileylənir. Deyir ki, prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayətlərindən bir aydan çox vaxt keçib, amma heç bir tədbir görülmür.

Bələdiyyə sədri nə deyir

Bələdiyyə sədri Ə.Səlimov isə ünvanına səslənən ittihamlarla razılaşmır. O bildirib ki, istər bələdiyyə üzvünün şəkillərinin yayılmasına göstəriş verməsi, istərsə də korrupsiya barədə deyilənlər şər-böhtandır: "Vəfa Nağının rəhbərliyi altında müxtəlif instansiyalara, yəni, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, cənab prezidentə 38 məktub yazılıb. Bu məktublar əsasında yoxlama aparılıb və işlərimiz düz, səhvsiz çıxdı. Vəfa Nağı bizə böhtan atır və açıq deyir ki, bələdiyyə sədri olmaq istəyir. Mən də 45 ildir kənd təsərrüfatında çalışmışam, zəhmət çəkmişəm, məktəblər tikmişəm, yol çəkmişəm, park saldırmışam, oxuyanlara pul köçürmüşük. İndi isə Vəfa Nağı deyir ki, mən bələdiyyə sədri olmaq istəyirəm...".

Ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri həm də gənc ictimai fəalların prosesə qatılmasıyla yadda qaldı. Ancaq onlardan təkcə V.Nağı bələdiyyə üzvü seçilə bildi.

Ölkədə indiyədək keçirilən heç bir seçki beynəlxalq müşahidəçilər tərəfindən azad və ədalətli proses kimi tanınmayıb. Hakimiyyət təmsilçiləri isə bu sahədə tənqid və iradları rədd edirlər.

XS
SM
MD
LG