Moskvada polis həbsdəki fəallara azadlıq tələb edənləri saxlayıb. Həmin fəallar 2017-ci ilin kütləvi etirazları ilə bağlı “Rostov işi” üzrə saxlananlardır.
Rəsmi icazə tələb olunmayan təkadamlıq piketlər iyulun 23-də Ali Məhkəmənin qarşısında keçirilib. Həmin vaxt məhkəmə Rostov-na-Donu şəhərində iki fəalın şikayətinə baxırmış.
Saxlananlar içində qeydiyyata alınmamış “Başqa Rusiya” müxalifət partiyasının üzvləri – Mikhail Galyashkin, Andrei Plygach, Timofei Filin və Natalya Krivolapova var.
Üç fəal niyə həbs olunub
Oktyabrda Rostov-na-Donu məhkəməsi medianın “Rostov işi” adlandırdığı kütləvi iğtişaşlara görə üç fəala həbs cəzası kəsib.
Yan Sidorov və Vyacheslav Mordasov “kütləvi iğtişaşlar təşkil etmək cəhdi”ndə təqsirli bilinərək 6 il yarım və 6 il 7 aylıq həbsə məhkum ediliblər.
Sidorov və Mordasov 2017-ci ilin noyabrında saxlananda 18 və 21 yaşlarında idilər.
Üçüncü təqsirləndirilən – Vyacheslav Shashmin də 18 yaşında olub və ona üç il şərti cəza kəsilib.
Amnesty International Sidorov və Mordasov-u vicdan məhbusları hesab edir, onların dinc etiraz aksiyası təşkil etmək istədiyini deyir. Aksiya Rostov-na-Donuda yanğınlarda evlərini itirmiş sakinlərə dəstək məqsədilə keçirilməliymiş.
Sözügedən hökmlər ötən yay Moskvada azad və ədalətli yerli seçkilər tələbilə keçirilən etirazlardan sonra çıxarılıb. Həmin aksiyalardan dolayı onlarla adam cərimələnib, həbsə atılıb.