Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:22

Nazir diplomatik nümayəndəliklərin rəhbərləri ilə danışıb


Ceyhun Bayramov, Azərbaycanın xarici işlər naziri, arxiv foto
Ceyhun Bayramov, Azərbaycanın xarici işlər naziri, arxiv foto

Dünən, iyulun 24-də Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanın ABŞ, bir sıra Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə video konfrans formatında görüş keçirib.

Bu barədə bu gün, iyulun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb. Görüşdə Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak ediblər. Açıqlamaya görə, video konfransın iştirakçıları son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələrinin dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı əməllər törədilməsi ilə bağlı yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar:

“Dövlətimizin hər zaman olduğu kimi soydaşlarımızın yanında olduğu vurğulandı və son hadisələrdə xəsarət alan həmvətənlərimizə bütün lazımı yardımın göstərilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizə təlimat verildi. Nazir təxribatı törədənlərin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğuladı.”

Açıqlamaya görə, nazir Ceyhun Bayramov vəziyyətin nəzarətdə saxlanılması və məlumat mübadiləsinin aparılması üçün bu kimi video-konfransların gələcəkdə də təşkilinin vacibliyini qeyd edib.

Xatırlatma

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Onlar da baş verən döyüşlərə görə Azərbaycanı günahlandırıblar.

Bundan sonra xaricdə yaşayan bəzi azərbaycanlı icmalar olduqları ölkələrdə Azərbaycan-Ermənistan sərhədində yaşanan toqquşmaları pisləyən aksiyalar keçiriblər. Eyni zamanda, erməni icmalarının da aksiyaları olub. Həmin aksiyada bir sıra insidentlərin yaşandığı bildirilir. 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

XS
SM
MD
LG