Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:13

Belarus hakimiyyətini ‘qorxu yaymaq’da suçlayırlar


Belarusda prezidentliyə namizəd Svyatlana Tsikhanouskaya-ya dəstək aksiyası
Belarusda prezidentliyə namizəd Svyatlana Tsikhanouskaya-ya dəstək aksiyası

Hakimiyyətin apardığı repressiya çərçivəsində 25 nəfər siyasi motivli ittihamlarla saxlanıb

İnsan haqları qrupları Belarus hakimiyyətini 9 avqust prezident seçkisi öncəsi “qorxu və təhdid” mühiti yaratmaqda ittiham edirlər.

İnsan Haqları Müdafiəçiləri Azad Seçki Uğrunda kampaniyası iyulun 27-də yaydığı bəyanatda bildirir ki, hakimiyyətin apardığı repressiya çərçivəsində 25 nəfər siyasi motivli ittihamlarla saxlanıb. Bu kampaniyanı Belarus Helsinki Komitəsi və Vyasna (Bahar) insan haqları mərkəzi idarə edir.

Ümumilikdə, seçki kampaniyası başlanandan 1140 nəfər saxlanıb, 190 nəfər həbsə atılıb, 333 nəfərə cərimə kəsilib, fəallar bildirirlər.

Ali Məhkəmə tənqid olunur

İnsan haqları qrupları qeyd edirlər ki, Belarus Ali Məhkəməsi prezidentliyə müxalifətdən potensial namizəd Valer Tsapkala-nın şikayətini rədd edib. O, Mərkəzi Seçki Komissiyasının onun namizədliyini rədd etmək qərarından şikayət vermişdi. Məhkəmə digər potensial namizəd Viktar Babaryka-nın oxşar şikayətini də rədd edib.

Birgə bəyanatda o da vurğulanır ki, Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrində müşahidəçi sayını beş nəfərə salması müstəqil müşahidəçilərin prosesi monitorinq etməsini əngəlləyir, demokratik seçkilərdə şəffaflıq prinsipini pozur.

Bəyanatda ölkə rəsmilərinin etirazlar və nümayişlərə qarşı əsgərlərdən istifadənin mümkünlüyü haqda bəyanatlarından narahatlıq ifadə olunur. Bu cür bəyanatları Prezident Alyaksandr Lukashenka və Təhlükəsizlik Şurasının başçısı Andrey Raukou səsləndiriblər.

Qurum bütün bunları “cəmiyyətdə qorxu və təhdid mühiti yaratmaq” hesab edir.

Lukashenka 26 ildir hakimiyyətdədir. Hökumət müxalifət namizədlərinə dəstək ifadə olunan yürüşlərə və nümayişlərə qatılanlara sərt divan tutub, fəallar və bloqerlər daxil yüzlərlə adam saxlanıb.

Qərb hökumətləri, BMT daxil beynəlxalq təşkilatlar Lukashenka hökumətini divantutmanı dayandırmağa çağırıb.

Lukashenka isə yerli və qərbdən gələn tənqidlərini rədd edir.

XS
SM
MD
LG