Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:57

İqtisadçı: 'Payız-qış aylarında qiymətlər daha yüksək ola bilər'


Fermer:"Süd istehsalı ona görə azalır ki..."
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Fermer:"Süd istehsalı ona görə azalır ki..."

Bir sıra iqtisadçılar bu il qışda Azərbaycanda bəzi məhsul qıtlığı və bahalıq ola biləcəyini ehtimal edirlər. Onlar buna əsas kimi ölkədə quraqlığı və bu il martın sonlarından COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən karantin rejiminin yaratdığı məhdudiyyətləri göstərirlər.

Quraqlığın müəyyən problem yaratmasını dövlət başçısı İlham Əliyev də özünün sədrliyi ilə iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

"İndi digər önəmli məsələ bu il və keçən il bizə böyük problem yaradan quraqlıqdır. Bilirsiniz ki, keçən ilin quraqlığı bizə böyük ziyan vurdu. Bu il də baxmayaraq ki, kənd təsərrüfatı 6 ayda 2.2 faiz artıb, amma daha çox arta bilərdi. Çünki bu quraqlıq nəticəsində suyun az olması səbəbindən biz istədiyimiz qədər torpaqlardan istifadə edə bilməmişik", - o vurğulayıb.

Rəsmi statistikaya görə, 2019-cu ilin 6 ayı ərzində isə kənd təsərrüfatının ümumi inkişafı bundan yüksək olmuşdu. Üstəlik, keçən ilin ilk yarısı ilə müqayisədə bu il ərzağın idxalı 37 milyon dollar artıb və 766.46 milyon dollar təşkil edib.

İqtisadçı Rövşən Ağayev deyir ki, 2020-ci il həm iqlim, həm də COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejiminə görə aqrar sahə üçün uğursuz olub:

R.Ağayev
R.Ağayev

"Pandemiya fermerlər üçün hərəkət məhdudiyyətləri yaradır"

"Xüsusilə, pandemiya ilə bağlı iş yerlərinin geniş şəkildə itirilməsi insanların həm gəlirlərinin, həm tələblərinin azalması ilə müşayiət olunacaq. Digər tərəfdən isə, pandemiya fermerlər üçün hərəkət məhdudiyyətləri yaradır. Çünki fermerlər xeyli dərəcədə həm Bakıya, həm rayonlara bağlıdır...".

R.Ağayevin fikrincə, məhsul qıtlığının olması ehtimalı ilə bağlı Dünya Bankı da, Beynəlxalq Valyuta Fondu da narahatlıq bildirib, bu, tək Azərbaycan üçün yox, bütün dünyadan ötrü problemdir.

Ekspert deyir ki, qiymət artımı bu ilin əvvəlindən hiss edilir. Onun fikrincə, bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksək olması təkcə mövsümi amillərlə bağı deyildi. Onun vurğulamasına görə, mövsüm amili özünü daha çox aprel-may aylarında göstərir, sonrakı aylarda qiymətlər enir, bu il isə xüsusilə meyvənin qiyməti çox baha olub:

"Qiymət artımı indidən başlayıb"

"Məhsul qıtlığı hiss edilirdi. Odur ki, qiymət artımı indidən başlayıb. Bu qiymət artımının indiki səviyyəsi göstərir ki, hətta payız-qış aylarında qiymətlər daha yüksək ola bilər".

Amma Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə nikbin danışır.

Kür quruyur, camaat içməyə su tapmır, ev heyvanları qırılır
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

"Taxılla bağlı 100 min hektar sahəyə zərər dəyib"

"Azərbaycanda quraqlıq ancaq taxıla cüzi zərər vurub. Taxılla bağlı 100 min hektar sahəyə zərər dəyib, məhsuldarlığın artımına imkan olmadı", - o bildirir.

Onun sözlərinə görə, keçən il ilə müqayisədə taxıl məsələsində cüzi də olsa, azalma olacaq, amma o da idxal mənbələri hesabına təmin ediləcək.

F.Fikrətzadə hesab edir ki, bu il kartof istehsalı həddən artıq çoxdur, meyvə yaxşı olub, ət, süd məhsullarında problem yoxdur.

"Qalan məhsullar üzrə problem yoxdur"

"Geriləmə yalnız, dediyim kimi, taxılda olub. Qalan məhsullar üzrə problem yoxdur", - Mərkəz direktoru vurğulayıb.

Üstəlik, rəsmi statistikaya görə, hələlik, bahalaşma da elə də yüksək səviyyədə deyil. Dövlət Statistika Komitəsi (DSK) bildirib ki, bu ilin yanvar-iyun aylarında istehlak qiymətləri 2019-cu ilin yanvar-iyun aylarına nisbətən 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5.5 faiz artıb.

XS
SM
MD
LG