Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:09

ABŞ Çin texnologiyalarından istifadəni kəskin məhdudlaşdıracaq


Birləşmiş Ştatlar bəyan edib ki, Vaşinqton Çin texnologiyalarından istifadəni məhdudlaşdırmaq niyyətindədir.

ABŞ dövlət katibi Mike Pompeo avqustun 5-də bildirib ki, Birləşmiş Ştatlar Çinin müəyyən tətbiqlərinin və kommunikasiya provayderlərinin qadağanına səy göstərəcək.

O əlavə edib ki, Çinin “dövlət tərəfindən dəstəklənən” texnologiyaları ABŞ-ın milli təhlükəsizliyinə və ABŞ vətəndaşlarının şəxsi məlumatlarına hədə təşkil edir.

TikTok və WeChat kimi “etibarsız” Çin texnologiyaları

Pompeo deyib ki, Birləşmiş Ştatlar TikTok və WeChat kimi “etibarsız” Çin texnologiyalarını ABŞ-ın tətbiq piştaxtalarından (app store) çıxaracaq və Çin telefonlarına ABŞ tətbiqlərinin əvvəlcədən yüklənməsini qadağan edəcək.

Pompeo bunu da deyib ki, Dövlət Departamenti ABŞ-ın başqa nazirlikləri ilə birlikdə Çinin bulud hesablamaları (cloud service) xidməti provayderlərinin Birləşmiş Ştatlarda data toplamasını, anbarlamasını və istifadəsini məhdudlaşdıracaq.

Dövlət katibi daha sonra deyib ki, Birləşmiş Ştatlar Çinin dörd telekommunikasiya provayderinin lisenziyalarının “dayandırılmasına və ləğv edilməsinə”, habelə ölkələrin internetə qoşulmaq üçün Çin dövləti tərəfindən dəstəklənən sualtı texnologiya provayderlərindən istifadəsinin qarşısını almağa çalışacaq.

Bundan əvvəl, iyulun 31-də ABŞ prezidenti Donald Trump Çin texnologiyalarını tənqid edərkən milli təhlükəsizlik mülahizələri ilə TikTok populyar videopaylaşma platformasının qadağanına çağırmışdı.

TikTok Çinin ByteDance şirkətinə daxildir. Trump daha sonra demişdi ki, ABŞ-ın Microsoft texnologiya nəhənginin TikToku alması üçün sentyabrın 15-dək vaxt verib.

Trump bildirmişdi ki, bu baş verməsə, sözü gedən tətbiq ABŞ-da qadağan olunacaq.

İnsan haqlarının kütləvi pozulması

Trump administrasiyası koronavirus pandemiyasına, Honq Konqda insan haqlarının tapdanmasına və Çinlə ticarət müharibəsinə görə Pekinin üzərinə təzyiqlərini artırır.

Vaşinqton habelə Çinin Sintzyan vilayətində 1 milyonadək uyğurun insan haqlarının kütləvi pozulması ilə bağlı Pekini sərt tənqid edir.

Birləşmiş Ştatlar uzun müddətdir ki, Çini ABŞ iqtisadiyyatına milyardlarla dollar ziyan vuran intellektual mülkiyyət oğurluğunda günahlandırır.

Ötən ay Trump administrasiyası Çinin Hyustondakı konsulluğunu bağlayıb. Buna cavab olaraq ABŞ-ın Çinin Çenqdu şəhərindəki konsulluğu bağlanıb.

Bundan əvvəl ABŞ Çinin Huawei şirkəti tərəfindən hazırlanmış 5G texnologiyasından istifadəni qadağan etmişdi.

Vaşinqton iddia edir ki, bu texnologiya Çinə telekommunikasiya sistemlərində casusluq etmək imkanı verir.

İndiyədək bir neçə Avropa ölkəsi də Huawei şirkətinin 5G texnologiyasından imtina etməklə ABŞ-a qoşulub.

XS
SM
MD
LG