Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:11

Kreml regionlarda qiyamla üz-üzə – Qərb mediası


Xabarovskda etiraz aksiyası, 1 avqust, 2020-ci il
Xabarovskda etiraz aksiyası, 1 avqust, 2020-ci il

Rusiyanın uzaq şərqində böyük nümayişlər prezidentdən narazılığın Moskvadan kənara çıxmasının göstəricisidir. “The Financial Times” qəzetində Henry Foy bu haqda yazır.

Müəllif qeyd edir ki, 2018-ci ilin sentyabrında Prezident Vladimir Putin-ə regional seçkidə narahatçılığa heç bir əsas olmadığı deyilmişdi. Xabarovsk Diyarında keçirilmiş sorğu vəzifədə olan qubernatorun seçkidə qalib gələcəyini göstərmişdi.

Ancaq qəzetin gördüyü sənəddə belə bir xəbərdarlıq da yer alıbmış ki, Xabarovsk sakinlərinin yarıya qədəri iqtisadiyyatdan, sosial sferadan məmnun deyil, ancaq eyni zamanda vəzifədə olan qubernatora real alternativ görmürlər.

Furgal kimi xalqın dəstəyilə seçilən məmurlar...

Bu proqnozdan 18 gün sonra Liberal Demokratik Partiyadan (LDPR) Sergei Furgal Putin-in hakim Vahid Rusiya partiyasından vəzifədə olan qubernatoru 69,5 faiz səs fərqilə məğlub etdi.

Bu il iyulun 9-da Furgal 15 il öncədən qaynaqlanan qətl ittihamları ilə həbs olunub. Bundan sonra onminlərlə etirazçı region paytaxtı Xabarovskun küçələrinə etirazlara çıxıb. Onlar əvvəlcə Furgal-ın öz doğma şəhərində mühakimə olunmasını, indi isə Putin-in istefasını tələb edirlər.

Müəllif diqqəti Putin-in yazda reytinqin rekord səviyyədə düşməsinə, iqtisadiyyatın 2014-cü ildən bəri ən böyük durğunluq yaşamasına çəkir və qeyd edir ki, bu etirazlar Kremlin yerli itaətsizlik qarşısında zəifliyini, onun Rusiyanın 85 regionuna sərt nəzarət etməyə çalışdığını ortaya qoydu.

Putin hakimiyyətdə olduğu 20 il ərzində federasiyaya daxil ərazilərin muxtariyyətini dəyişdirib, Moskvadan idarə olunan sistem qurub, əvəzində də itaət tələb edib.

“Furgal kimi yerli dəstəklə, anti-Moskva əhval-ruhiyyəsi altında seçilən məmurlar bu yuxarıdan gələn sistemə təhdid hesab olunurlar. Onun qəfil qələbəsi dərhal administrasiyanı onun legitimliyinə kölgə salmağa sövq etdi”, – məqalədə deyilir.

Reytinq hədəfi

“FT” prezident administrasiyasının 2019-cu il mart tarixli başqa bir sənədini də əldə edib. Kreml qarşısına məqsəd qoyubmuş ki, növbəti üç il ərzində Furgal-ın regiondakı populyarlığı 46,1 faizə salınsın, Putin-in reytinqi isə 48,6 faizə qaldırılsın.

Bundan ötrü tamamilə dövlətin nəzarətində olan, onun idarə etdiyi mediadan istifadə olunaraq kampaniya aparılmalıydı.

“Həmkarlarım qarşısında belə bir hədəf qoyulmuşdu ki, Furgal-ın reytinqi salınsın, onun seçkidə məğlubiyyətinə hazırlıq görülsün”, – prezident administrasiyasının bir əməkdaşı qəzetə deyib.

Anonimlik şərtilə danışan məmur deyib ki, Furgal çox populyar imiş. “O, qətlə görə həbs olunmayıb, bu, sırf siyasətdir”, – o söyləyib.

“FT” Kremldən şərh ala bilməyib.

Bu ilin iyulunda Rusiyada keçirilən referendumda konstitusiyaya düzəlişlərdən biri Putin-in 2024-cü ildən sonra da, 2036-cı ilədək hakimiyyətə qalmasına yol açdı. Belə ki, ölkədə prezidentlik müddətləri sıfırlandı.

XS
SM
MD
LG