Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:07

Azərbaycan prezidenti Rusiya prezidentinə telefonla bunları deyib - Ekspert rəyi


“Bu səpgidə danışıqlar ilk dəfədir ki, baş verir”

Politoloq Elxan Şahinoğlunun Azadlıq Radiosuna deməsinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında bu səpgidə danışıqlar ilk dəfədir ki, baş verir.

Elxan Şahinoğlu - Politoloq
Elxan Şahinoğlu - Politoloq

Onun vurğulamasına görə, Azərbaycan prezidenti ilk dəfədir ki, rəsmi səviyyədə Rusiya tərəfinə belə iradlarını çatdırıb.

E.Şahinoğlunun fikrincə, maraq doğuran odur ki, telefon zəngi avqustun 12-də, Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Bakıda səfərdə ikən edilib:

“Fikrimcə, bu hadisədən sonra AzərbaycanTürkiyə hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırlmalıdır. Azərbycanda Türkiyənin ən azı iki hərbi bazası qurulmalıdır. Bu həm də ondan xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasında yeni hərbi saziş üzərində iş gedir...”

“Bu zəng də guya Azərbaycan Rusiyadan nəsə tələb edir nağlıdır ”

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, münasibətlərdə yeni heç nə baş vermir, hər şey gün kimi aydındır :

“Ermənistan Rusiyanın əlində alətdir, nüfuz sahəsidir. Ermənistanda Rusiyanın

Zərdüşt Əlizadə - politoloq
Zərdüşt Əlizadə - politoloq

hərbi bazası var. Rusiya Azərbaycana sllah satır, eyni zamanda da Ermənistanda da silahı artıraraq Cənubi Qafqazda “ tarazlığı” qoruyur”

Bu müstəvidə Azərbaycan Türkiyə hərbi münasibətlərinə toxunan politoloq deyib ki, bu iki dövlətin ittifaqı da Qafqazda güc balansını dəyişmir:

“Bir zamanlar Qarabağ probleminə münasibətdə “lazım gəlsə alarıq, “lazım gəlsə gedərik” kimi nağıllar deyiridlər, artıq heç kim buna inanmır. İndi təzə nəsə etməlidir. Bu zəng də guya Azərbaycan Rusiyadan nəsə tələb edir nağlıdır.”

...

Avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin bildirməsinə görə, prezident İlham Əliyev prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib:

“Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulamışdır. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirmişdir”

Açıqlamaya görə, prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri münaqişəyə cəlb etməkdir.

“Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar...”

“Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır”,Mətbuat xidməti bildirir.

Məlumatda daha sonra yazılıb:

“Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır”

Açıqlamaya görə, telefon söhbəti zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilib və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.

“Prezident İlham Əliyev Vladimir Putini təbrik etmişdir”

“Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVID-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik etmişdir”, mətbuat xidməti qeyd edib.

Xatırlatma

İyulun 12-dən16-na kimi Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər olub. Onda prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir

XS
SM
MD
LG