Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:51

AB Belarusa sanksiyaları nəzərdən keçirir


Belarusda həbsdən buraxılanlar qohumları qarşılayır
Belarusda həbsdən buraxılanlar qohumları qarşılayır

Avqustun 14-də AB-nin xarici işlər nazirlərinin Brüsseldə fövqəladə toplantısı gözlənir. Bu ərəfədə Belarus hakimiyyəti yüzlərlə saxlananı buraxmağa başlayıb

Avropa Birliyi Belarusda “azad və ədalətli hesab etmədiyi” seçkidən sonra etirazçılara qəddar divantutmaya cavab olaraq Prezident Alyaksandr Lukashenka-ya təzyiqi artırır.

Avqustun 14-də AB-nin xarici işlər nazirlərinin Brüsseldə fövqəladə toplantısı gözlənir. Bu ərəfədə Belarus hakimiyyəti yüzlərlə saxlananı buraxmağa başlayıb.

Buraxılanlar təcridxanadakı dəhşətli vəziyyətdən, döyülməklərindən, pis rəftardan danışıblar. “Amnesty International” insan haqları təşkilatı bu söylənənlərin “genişmiqyaslı işgəncə”yə dəlalət etdiyini bildirib.

“Əsaslı siyasi dəyişiklik ön şərtdir”

Avqustun 9-dan ölkə boyunca etirazlarda azı iki etirazçı ölüb, 6 min 700 nəfər saxlanıb. Mərkəzi Seçki Komissiyası avtoritar Lukashenka-nın 80 faizdən çox, onun əsas rəqibi Svyatlana Tsikhanouskaya-nın isə 10 faizdən az səs yığdığını açıqlayıb. Müxalifət namizədi nəticələri rədd edib, bundan sonra Litvaya getməli olub.

AB-nin xarici siyasət rəhbəri Josep Borrell baş diplomatların toplantısını çağırıb, nümayişçilərlə qəddar davranışa son qoymağa, insan haqları və demokratiyaya sayqı göstərməyə səsləyib.

“Son aylar belaruslular demokratiya, insan haqlarına hörmət istədiklərini aydın şəkildə ortaya qoyublar. AB və Belarus arasında münasibətlərin gələcək inkişafı üçün əsaslı siyasi dəyişiklik ön şərtdir”, – Borrel avqustun 13-də bloqunda yazıb.

Almaniyanın Xarici işlər naziri Heiko Maas isə deyib ki, AB Minskdəki “rəhbərə təzyiqi artırmalıdır”.

“21-ci əsrin Avropasında dinc nümayişçilərə qəddar divantutmaya və saxlanmaya dözümlü yanaşılmayacağı tamamilə aydındır”, – Maas vurğulayıb.

O, AB səviyyəsində “sanksiyalarla bağlı intensiv müzakirələr”in aparıldığını söyləyib.

“İşgəncə palataları”

“Amnesty International” bildirib ki, saxlananlar “bərk döyülüblər, zorlanmayla hədələniblər”.

“Keçmiş saxlananlar bizə danışırlar ki, saxlanma mərkəzləri işgəncə palatalarına çevrilib, etirazçıları çirkabın içində uzadır, polis onları təpikləyir, dəyənəklə döyür”, – təşkilatın Şərqi Avropa və Orta Asiya üzrə direktoru Marie Struthers deyib.

Estoniya, Latviya, Litva və Polşa liderləri birgə bəyanat imzalayaraq “Belarusdakı böhranın dinc yolla həlli naminə” vasitəçilik təklif ediblər.

Bəyanatda “milli dialoq”la nəticələnə biləcək forum yaradılmasına çağırılır.

2010-cu ildə seçki saxtalaşdırılandan sonra müxalifətə təzyiqlərə cavab olaraq AB Belarusa sərt sanksiyalar qoydu. Ancaq 2016-cı ildə siyasi məhbuslar buraxılandan sonra qadağaların çoxu qaldırıldı. AB və Belarus arasında yaxınlaşma müşahidə olundu, çünki Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkə daha böyük geosiyasi əhəmiyyət kəsb etdi.

XS
SM
MD
LG