Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:17

Ombudsman təsdiqlədi: “Mehdi İbrahimov aclıq edəcəyini bildirib”


Mehdi İbrahimov
Mehdi İbrahimov

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun yaxınları onun beş gündür ki, aclıq aksiyası keçirdiyini deyir. Vəkili Aqil Layıc onun

Aqil Layıc - vəkil
Aqil Layıc - vəkil

aclıq etməsi barədə məlumatı dəqiqləşdirmək üçün M.İbrahimovla görüşmək istəsə də, icazə verilməyib. Bu barədə AzadlıqRadiosu-na danışan vəkil bildirib ki, avqustun 13-də Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə gedib:

“Ailəsindən mənə bildirilmişdi ki, üç gündür aclıq edir. Həm məlumatı dəqiqləşdirmək, həm sağlıq durumunu görmək istəyirdim. Məqsədim həm də ondan aclığı dayandırmasını xahiş etmək idi. Dedilər ki, olmaz...”

Ombudsman Aparatı da təsdiqləyib ki, M.İbrahimov bu qurumun əməkdaşlarına aclıq aksiyasına başlayacağını deyib:

“Mehdi İbrahimov onun barəsində aparılan istintaqın gedişindən narazılığını əsas gətirərək, yemək qəbulundan imtina edəcəyini bildirib”.

Polis bölməsində 5 gün saxlanmasından şikayət verilib

Avqustun 13-də Xətai rayon Məhkəməsində də M.İbrahimovun işinə baxılıb. Amma özünü məhkəməyə gətirməyiblər. Yaxınlarının AzadlıqRadiosu-na verdiyi məlumata görə, M.İbrahimovun vəkili onun beş gün ərzində Xətai rayonu, 37-ci polis bölməsində qanunsuz saxlanmasından şikayət verib. Şikayətdə göstərilib ki,

M.İbrahimov iyulun 15-də səhər saat 5 radələrində orduya dəstək yürüşündən

14 iyul orduya dəstək yürüşü
14 iyul orduya dəstək yürüşü

qayıdarkən saxlanılıb və 37-ci polis bölməsinə gətirilib. O, günlərlə bölmədəki kamerada 100-dən artıq saxlanılan şəxslə birlikdə olub. İyulun 19-da onu Baş Prokurorluğun İstintaq İdarəsində orduya dəstək yürüşü ilə bağlı cinayət işi üzrə şahid qismində dindiriblər. Bir gün sonra isə onun haqqında koronavirusa yoluxduğu halda, küçəyə çıxıb, başqalarının həyatına təhlükə yaratma ilə bağlı cinayət işi başlanıb. İş materiallarında da onun iyulun 20-də Nobel prospektində maskasız, SMS-icazəsi olmadığına görə saxlandığı, test nəticəsində virus daşıyıcısı olmasının müəyyənləşdiyi iddia olunub:

“Şikayətdə göstərilib ki, beş gün ağır şəraitdə bölmədə yüzdən artıq adamla birlikdə qanunsuz saxlanılıb. Əgər onda virus varsa belə, həmin müddətdə yoluxub. Hətta şübhə var ki, qəsdən yoluxdurulub, sonradan bu ittihamı versinlər. Məhkəməyə şikayətdə beş gün bölmədə saxlanmanın qanunsuz sayılmasıyla yanaşı, onun qəsdən COVİD-19 infeksiyasına yoluxdurulmasıyla bağlı araşdırma aparılması məsələsi də qoyulub”.

Kamera görüntüləri məhkəməyə təqdim olunmalıdır

Ailə üzvlərinin bildirdiyinə görə, məhkəmədə vəkil iyulun 15-dən 20-nə qədər 37-ci polis bölməsindən kamera görüntülərinin alınması haqda vəsatət qaldırıb. Hakim Fərid Yaqubov vəsatəti təmin edib. Avqustun 27-nə təyin edilmiş növbəti məhkəmə iclasına qədər kamera görüntüləri məhkəməyə təqdim olunmalıdır.

M.İbrahimov İdman Akademiyasını bitirib. Futbol məşqçisidir. İspaniyada Madridin “Real” klubunda kurs keçib, UEFA-a ona lisenziya verib.

14 iyul orduya dəstək yürüşü
14 iyul orduya dəstək yürüşü

O, CM-in 139-1 maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarına təhlükə yaratmaqda suçlanır. İddia olunur ki, o, iyulun 20-də axşam saat 21:00 radələrində karantin rejimi qaydalarını pozduğuna görə saxlanılıb. Polis bölməsinə gətirilib test aparılandan sonra onda COVID-19 infeksiyası aşkarlanıb.

Ailə üzvləri isə bildirir ki, M.İbrahimov iyulun 15-nə keçən gecə orduya dəstək yürüşündən qayıdanda saxlanılıb. Bir gün sonra bölmədə onun Məmməd İbrahimin oğlu olduğunu biləndə buraxmayıblar. O, atasının siyasi fəaliyyətinə görə cəzalandırılıb.

M.İbrahimovdan sonra atası da həbs edilib. O, iyulun 15-də keçirilən orduya dəstək yürüşünə görə dövlət çevrilişinə cəhddə suçlanır.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs tutulub. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanıb. Onlardan 17 nəfərə orduya dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürülərək, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib. 10 nəfər isə sərbəst buraxılıb.

Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara əsasən, özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG