Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:27

Elif Şafak nifrət cinayətlərinə qarşı hekayələrin gücündən yazır


E.Şafak
E.Şafak

İngiltərədə yaşayan türk əsilli yazıçı Elif Şafak "The Guardian" qəzeti üçün növbəti məqaləsini yazıb. Bu dəfə o, günümüzün aktual ciddi təhlükələrindən biri – nifrət cinayətlərinin artması və problemin aradan qaldırılması üçün çıxış yollarını müzakirəyə çıxarıb.

"2020-ci il təkcə pandemiya, artan işsizlik, iqtisadi bərabərsizliyin daha da dərinləşməsi və iqlim fəlakətləri ilə dolu kritik zaman kimi yadda qalmayacaq. Bütün bunlardan başqa, dünyada nifrət cinayətlərinin sayının artması da narahatlıq doğurur.

Polşada LGBTQ icmaları bir nömrəli düşmənə çevrilib. Macarıstanda neonasist dəstələr roma icmalarını sıxışdırıb çıxarmaq üçün nümayişlər təşkil edir. Ötən il Nyu-Yorkda törədilmiş nifrət cinayətlərinin yarıdan çoxu yəhudi vətəndaşlara yönəlib. Almaniyada azlıqlar və qaçqınlara hücumlar təhlükəli dərəcədə artıb. Böyük Britaniyada Daxili İşlər İdarəsinin rəqəmlərinə görə, nifrət cinayətlərinin sayında artım var. Bu cinayətlər arasında cinsi azlıqlar və transgender vətəndaşlara hücumlar da var. Türkiyə, Braziliya və Hindistanda doqmatizmin (başqalarının fikirlərini nəzərə almadan müəyyən bir qrupun prinsiplərinin mütləq həqiqət kimi qələmə verilməsi – tərc.) təhlükəli forması daha da kök atmaqdadır. İlk baxışdan çarəsiz görünən bütün bu hadisələrin bir fundamental ümumi cəhəti var: fərqli görülən insanlara sistematik nifrət və qərəz; onların insan sifətindən çıxarılması (dehumanizasiya).

Hekayələr

Tarixin bizə verdiyi dərslərdən görmək olur ki, bu, konsentrasiya düşərgələri, kütləvi qırğınlar, vətəndaş müharibələri, yaxud soyqırımından başlamır. O, həmişə sözlərdən başlayır: stereotiplər, klişelər, kinayədən. Buna görə də dehumanizasiya ilə mübarizə də sözlərdən başlamalıdır. Hekayələrdən. Başqaları haqda, az qala, heç nə bilmiriksə, onlar abstrakt bir şey olaraq qalırsa, onlarla bağlı qəti ümumiləşdirmə aparmaq daha asandır. Ancaq irəli getmək üçün biz bu prosesi geri çevirməliyik: insan sifətindən çıxarılmışları yenidən insan sifətinə qaytarmalıyıq. Bunun üçünsə hekayə danışma sənətinə ehtiyacımız var.

Məlumat və faktlar son dərəcə əhəmiyyətlidir, ancaq soyuqluq və laqeydlik divarlarını yıxmağımız, tayfalarımızın xaricində olan insanlarla empatiya qurmağımız üçün yetərli deyil. Bizim emosional bağlara ehtiyacımız var. Ancaq bundan da çox, patriarxata qarşı bir-birimizlə bacı olmağa ehtiyac duyduğumuz kimi, cəhalətə qarşı hekayələrə də ehtiyacımız var. Dünyanın harasında oluruqsa olaq, biz başqaları ilə bağlar quranda bunu hekayələr vasitəsilə edirik. Ədəbiyyat inanılmaz dərəcədə güclü ola bilir. O, bütün dünyada anlaşılır və ən əsası, şəfaverici gücə malikdir.

Hadisə zamanı təhlil

Bəli, Doris Lessing "ədəbiyyat baş verən hadisədən sonrakı təhlildir" deyəndə haqlı idi. Yazıçıların məlumatı emal etmək, düşünüb həzm etmək, təhlil etmək üçün zamana ehtiyacı var.

Ancaq post-COVID dünyasında, hər şeyin vəhşi sürətlə dəyişdiyi, hər yerdə bu qədər çox ağrı, iztirab və ədalətsizliyin olduğu zamanda ədəbiyyat həm də hadisə zamanı təhlilə çevrilməlidir.

Biz çətin dövrlərdə kitabxanaların bağlandığını, mədəniyyət mərkəzlərinin diqqətdən kənar qaldığını gördük. İndi koronavirusun təsiri ilə incəsənət və mədəniyyət yenidən təhlükə ilə üz-üzədir. Bərabərsizliklərin dərinləşdiyi və önyarqıların artdığı bu dövrdə bizim - xüsusən də imkansız icmalarda, - yaradıcılığa dəstək üçün təcili dövlətin və özəl qurumların dəstəyinə ehtiyacımız var. Birgəyaşayış, inklüzivlik, demokratiya ilə cəmiyyətin yaradıcı sahələrinin nə dərəcədə yaxşı dəstəkləməsi arasında birbaşa əlaqə var. Bu, lüks deyil, tənəffüs edərkən aldığımız hava qədər həyati və təcilidir.

Hekayə danışma sənəti bizim əlimizdə qalan sonuncu demokratik məkanlardan biridir. İndi o bizim dehumanizasiyaya qarşı əsas müqavimət aktlarımızdan birinə çevrilməlidir".

XS
SM
MD
LG