Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:25

Lukashenka 'reallıq hissini itirir' – Qərb mediası


A.Lukashenka çevik polislə
A.Lukashenka çevik polislə

Belarusda 9 avqust prezident seçkisindən sonra Prezident Alyaksandr Lukashenka-nın 80 faizdən çox səs yığdığı açıqlanınca ölkəni kütləvi etirazlar bürüdü. Hazırda ölkə siyasi çaxnaşma və qeyri-müəyyənlik vəziyyətindədir. “Project Syndicate” portalında Sławomir Sierakowski bir şeyin aydın olduğunu yazır: Lukashenka getdikcə reallıq hissini daha çox itirir.

Müəllifin fikrincə, ictimai dəstəyi həmişəlik itirdiyini anlayan Lukashenka əlində qalan son üsullara əl atır – əsas bazasını radikallaşdıdır, hamını terrorizə edərək özünə tabe elətdirməyə çalışır. Sierakowski ötən həftə Qrodno şəhərində Lukashenka-ya qarşı keçirilən aksiyaya qatıldığını yazır, bu şəhərin özünü prezidentin idarəçiliyindən tamamilə azad etdiyini vurğulayır. Lukashenka isə cavabında elan edib ki, şəhəri tabe elətdirmək üçün ordu yeridiləcək.

"Lukashenka-nın təhdidlərinin ona faydası dəymədi. Nümayişçilər diktatorun iqamətgahına, Müstəqillik Sarayına doğru irəliləməyə başladılar, baxmayaraq ki, OMON ətrafı bağlamışdı. Polis zorakılığı istənilən an baş verə, seçkidən sonra Puşkinskaya metrostansiyası yaxınlığındakı epizod təkrarlana bilərdi. Amma çevik polisə yaxınlaşan, gözlərinin içinə baxan etirazçılar sakitcə yollarına davam etdilər, Václav Havel-in vaxtilə dediyi kimi, ‘gücsüzlərin gücü’nü nümayiş etdirdilər”, – məqalədə deyilir.

Bu məqamda etirazçıların başı üzərində uçan vertolyotda Lukashenka əlində Kalaşnikov avtomatıyla gedirdi. “Lukashenka hər şeyin nəzarətində olduğunu göstərməyə can atır. Ancaq hərbi hiylələr əks effekt yaradır. Onun yeniyetmə oğlunu da silahlandırması ətrafında heç kəsə inanmadığını, devrilmiş liderlərin – Rumıniyada Nicolae Ceauşescu-nun Liviyada Muammar el-Qaddafi-nin, İraqda Saddam Hussein-in taleyini yaşayacağını göstərir”, – müəllif yazır.

Müəllif qeyd edir ki, ola bilsin, Belarusda diktatorun devrilməsinə az qalır. Lukashenka-nın güc nümayişi indi zəiflik kimi yozulur. Və gülünc vəziyyətə düşdükcə, hətta sadiq tərəfdarlarının belə onu izləməsi müşkül işə çevrilir.

Belarus Ukrayna deyil

“New Eastern Europe” portalında German Garboni isə Belarusun hazırda Moskva ilə Avro-Atlantik məkan arasındakı geosiyasi və mədəni yarığın ortasında olduğunu yazır.

Müəllif qeyd edir ki, müxalifətin namizədi Svyatlana Tsikhanouskaya-nın liberal-demokratik xarakterinə və AB-nin etirazçıları dəstəkləməsinə baxmayaraq, Belarus Ukrayna deyil.

“Dəyişikliyə genişmiqyaslı dəstək, xüsusilə sakit ifadə olunursa, spesifik siyasi təklifi dəstəkləmək anlamına gəlmir. Hər şey baş verə bilər. Ukraynalılardan fərqli olaraq, belaruslular Brüssel kimi seçimin xeyrinə Rusiyaya qarşı danışmırlar… Savaşın azadlıq kimi abstrakt dəyər uğrunda deyil, avtoriratizm vəd olunan həyat standartını təmin edə bilməyincə sosial-iqtisadi inkişaf kimi konkret azadlıq uğrunda getdiyini düşünmək daha real səslənir. ...Rusiya ən strateji tərəfdaşını əldən verən deyil və ölkədə anti-Rusiya əhvalı geniş yayılmayıb…”, – yazan müəllifin fikrincə, AB-nin davamlı olmamasıyla bağlı geosiyasi qarşıdurma Ukraynadakından daha fərqli nəticələr ortaya qoya bilər. “Bu, belarusluları asanlıqla Rusiyanın qucağına ata bilər, bu dəfə həmişəlik”, – məqalədə deyilir.

XS
SM
MD
LG