Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:56

Rusiyada prokurorlar Navalny işində cinayət əlaməti görmürlər


Aleksei Navalny
Aleksei Navalny

Rusiyalı prokurorların avqustun 27-də açıqlamasına görə, müxalifət lideri Aleksei Navalny-yə qarşı cinayət hərəkətinin törədilməsinin əlaməti yoxdur. Onlar Navalny-ni müalicə edən almaniyalı həkimlərdən əllərində olan məlumatları paylaşmaqlarını istəyiblər.

Prezident Vladimir Putin-in qatı tənqidçisi olan 44 yaşlı fəal hazırda Almaniyada xəstəxanada süni koma vəziyyətindədir. O, bir həftə qabaq Sibirin Tomsk şəhərindən Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib. Navalny Tomskda korrupsiya araşdırması aparırdı.

Almaniyadakı həkimlərdən dəlil istəyirlər

Berlindəki xəstəxananın həkimləri həftənin əvvəlində bildirdilər ki, ilkin tibbi müayinə zəhərlənmə əlamətləri göstərir. Sibirdəki xəstəxananın həkimləri isə bu diaqnozla razılaşmayıblar. Kreml almaniyalı həkimlərin “zəhərlənmə” sözünü işlətməyə “tələsdiyini” söyləyib.

Qərb məsələnin şəffaf təhqiqatına çağırır. Rusiya Baş Prokurorluğu bildirir ki, ötən həftə başladılmış ilkin təhqiqat Navalny-yə qarşı “məqsədli kriminal hərəkət törədildiyinə dəlil aşkarlamayıb” və cinayət təhqiqatının başlanmasına əsas yoxdur.

Prokurorluq bildirir ki, Almaniya hakimiyyəti məsələ üzrə Rusiyayla əməkdaşlığa razılıq verib və Almaniyadan “qoyulan ilkin diaqnozlara dəlil”, o cümlədən testin nəticələrini istəyib.

Daxili İşlər Nazirliyinin nəqliyyat bölümünün Sibir şöbəsi də Navalny-nin xəstələnməsinə “səbəb olan şəraitin müəyyənləşdirilməsi” üzrə ilkin təhqiqat başlatdığını bildirib.

Polisin bəyanatına görə, Navalny-nin getdiyi yerlər, otel otağı, Tomskdakı marşrutu, təhlükəsizlik kameralarındakı görüntülər yoxlanıb.

Onların sözlərinə görə, hər hansı narkotik maddə izi tapılmayıb.

“Heç nə dəyişməyib”

Putin-in sözçüsü Dmitry Peskov isə bəyan edib ki, belə hallarda adətən ilkin yoxlama aparılır və rəsmi təhqiqata gərək yoxdur.

“Heç nə dəyişməyib və biz hələ də adamın düşdüyü vəziyyətə nəyin səbəb olduğunu anlamırıq”, – Peskov jurnalistlərə söyləyib.

Navalny-nin tərəfdarları onun Tomsk aeroportunda içdiyi çaydan zəhərlənməsi ehtimalını səsləndiriblər. Berlindəki “Charite” xəstəxanası avqustun 24-də bildirib ki, “klinik testlər xolinesteraz inhibitroalr adlanan qrupa xas maddədən zəhərlənmə əlaməti göstərir”, ancaq konkret hansı maddənin olduğunu müəyyənləşdirə bilməyiblər.

Rusiyalı həkimlər isə onların apardığı testlərin hər hansı zəhər izi üzə çıxarmadığını deyiblər.

Navalny-nin komandakı Rusiya İstintaq Komitəsinə müraciət göndərərək hakimiyyətdən ictimai xadimin həyatına qəsd ittihamı üzrə cinayət işi açılmasını tələb ediblər. Müraciətə cavab gəlməyib.

Putin “tələsik və əsassız ittihamları” rədd edib.

Fransanın Xarici İşlər naziri Jean-Yves Le Drian deyib ki, Rusiyanın niyə şəffaflıq yoluyla getmədiyini anlamır.

Almaniyanın Xarici işlər naziri Heiko Maas bir daha Moskvanı Navalny-nin vəziyyətini araşdırmağa çağırıb. “Təhqiqat aparılmasa, Moskvanın ittihamları rədd etməsi mümkün olmayacaq”, – o deyib.

XS
SM
MD
LG