Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:40

R.Mehdiyev: 'Düzdür, bəzi insanlar mətbuatımızın hazırkı vəziyyətində məni də günahlandırırlar...'


Ramiz Mehdiyev, 29 avqust 2014
Ramiz Mehdiyev, 29 avqust 2014

Son günlər karantin dövründə keçirilən nəvə toyu ilə gündəmə gələn Ramiz Mehdiyev tənqidlərə yazdığı iki məqalədən sonra daha bir yazı ilə çıxış edib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti bu yazını da akademiyanın saytında dərc edib. Son bir həftədə sayca 3-cü olan yazıda akademik Qarabağ məsələsində Azərbaycanın təbliğat işinin zəifliyinə toxunur.

Amma „Ermənistanın hibrid müharibəsi fonunda dövlətimizin maraqları hər şeydən üstündür!“ sərlövhəli yazıya da Ramiz Mehdiyev ilk iki cavab yazısına səbəb olan incikliklə başlayır.

„bir sıra KİV-lər öz səhifələrini səxavətlə iftira kampaniyası üçün tribun qismində təqdim etdikləri, üstəlik, böhtan atılan tərəfin cavab haqqını görməzdən gəldiyi bu günlərdə dünya erməniliyi Qərbin və Rusiyanın ictimai rəyində Qarabağın erməniləşdirlməsi istiqamətində təbliğatı əhəmiyyətli dərəcədə gücləndirib“.

Qınanan ziaylı, ekspert və təhlilçilər...

Ramiz Mehdiyev yazı boyunca bu məsələlərlə bağlı Azərbaycandakı problemlərdən və səbəblərdən yazır. O, aidiyyatı qurumların, ziyalıların, ekspert və təhlilçilərin qarşı tərəfin fəaliyyətinə gecikən və heç də həmişə adekvat olmayan reaksiyaları əsas səbəblərdən biri sayır.

"Təəssüf ki, intellektual elitamız və ictimai fikrimiz qabaqlayıcı addımlar atmaqda çətinlik çəkir, gələcək haqqında lazımi qədər düşünmürlər..."

Ramiz Mehdiyevdən ev verilən jurnalistlərə sual...

Bakıda jurnalistlər üçün tikilən bina, arxiv foto
Bakıda jurnalistlər üçün tikilən bina, arxiv foto

Daha sonra Qarabağ münaqişəsinin təbliğatı ilə bağlı ilə ölkə KİV-lərinin vəziyyətinə toxunan Ramiz Mehdiyev qeyd edir ki, „qəzet və elektron informasiya vasitələrimiz qərəzsiz analizlər təqdim etmək, xalqı maarifləndirmək və gercək təhlükələr haqqında təhlillər vermək əvəzinə, ölkə üçün həssas məsələlərdə susmağa üstünlük verirlər“.

AMEA-nın prezidenti hesab edir ki, əgər onlar bununla xalqa xidmət etdiklərini düşünürlərsə, çox səhv edirlər.

„Mətbuat cəmiyyətin aynasıdır və bu ayna dövlət siyasətini və ictimai-siyasi proseslərin inkişafını həqiqi mahiyyətinə uyğun əks etdirməlidir. Əgər mətbuat bunu edə bilmirsə, deməli o, ya səriştəsizdir, ya da qərəzlidir. Hər iki halda o, cəmiyyət üçün faydasızdır. Heç kim üçün sirr deyil ki, ölkəmizdə çıxan qəzetlərin və fəaliyyət göstərən informasiya agentliklərinin bir çoxu cənab Prezidentin iradəsilə dövlətdən davamlı maliyyə yardımı alır. Dövlət başçısının qayğısı nəticəsində bir çox jurnalistlər və redaktorlar mənzillərlə təmin ediliblər. Bəs görəsən onlar öz dövlətlərinə və vətənlərinə hansı faydanı veriblər?“

„...Biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik?“

Qarabağ məsələsində medianın gördüyü işlərə toxunan Ramiz Mehdiyev hesab edir ki, bu işdə yerli mətbuatın fəaliyyətinin faydalılıq əmsalı, təbliğat effekti çox aşağıdır. O, vətəndaşlara əsaslı, faktlara söykənən, həqiqəti əks etdirən araşdırmalar təqdim olunmamasından gileylənir.

„Hamımıza yaxşı məlumdur ki, Azərbaycan KİV-lərinin bir çoxu davamlı olaraq öz auditoriyasını itirməkdədir. Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik? Ölkə başçısı öz tərəfindən milli mətbuatımızın inkişafı üçün əlindən gələni edib. Redaktorlar da öz növbələrində zəhmət çəkib, ictimaiyyəti sanballı yazılarla, aktual xəbərlərlə vaxtlı-vaxtında təmin etsinlər“

Əgər mənəviyyat dəyişməsə, kuratorların dəyişməsindən keyfiyyət dəyişikliyi gözləmək əbəsdir

Ramiz Mehdiyev daha sonra mətbuat, təbliğat nümunəsinə misal olaraq Yusif Vəzir Çəmənzəminli-nin təxminən bir əsr əvvəl yazdığı “Bizə ciddi mətbuat çoxdan lazım idi” məqaləsindən sitat gətirək həmin yazıda qəzetçiliklə bağlı əks olunan tənqidi fikirlərin indi də aktual olduğunu vurğulayır.

„ Düzdür, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır. Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir“ deyə o bildirir.

Ramiz Mehdiyev lap sonda dediklərinin tənqid, yaxud qərəz kimi qəbul olunmamasını istəyir.

„Bütün bunlar mənim cəmiyyəti narahat edən məsələlərə dair şəxsi mülahizələrimdir. Ümid edirəm ki, hər kəs deyilənlərdən lazım olan nəticəni çıxaracaq, öz payına düşən məsuliyyəti dərk edəcəkdir“ deyə o, yazısını bitirir.

XS
SM
MD
LG