Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:44

ABŞ Belarus rəsmilərinə sanksiyalar hazırlayır, Moskvanı da hədələyir


Minskdə 1 sentyabr yürüşü
Minskdə 1 sentyabr yürüşü

Birləşmiş Ştatlar Belarusda 9 avqust prezident seçkisinin saxtalaşdırılmasında iştirakına inanılan 7 belarus üzərinə sanksiyaların qoyulmasını nəzərdən keçirir.

Reuters agentliyi ABŞ rəsmilərinə istinadən sentyabrın 1-də bildirib ki, bu Belarus rəsmiləri habelə dinc nümayişçilərə qarşı zorakılıqlarda ittiham olunurlar.

Dövlət Departamentinin adının çəkilməsini istəməyən rəsmisi deyib ki, hazırda bu şəxslərə sanksiyaların qoyulması üçün “dəlil materialları” öyrənilir.

Həmin rəsmi deyib ki, söhbət həm seçkilərin saxtalaşdırılmasından, həm də təməl insan haqlarından istifadə edən etirazçılara qarşı zorakılıq törədilməsindən gedir və belə hərəkətlər heç vaxt nəticəsiz qala bilməz.

Lavrova xəbərdarlıq edilib

Rəsmi deyib ki, Birləşmiş Ştatlar, Rusiyanın Belarusdakı hadisələrə açıq qüvvə ilə və ya üstüörtülü şəkildə müdaxilə etdiyi təqdirdə Moskvanın da üzərinə sanksiyalar qoya bilər.

Dövlət Departamentinin rəsmisi bunu da bildirib ki, ABŞ dövlət katibinin müavini Stephen Biegun Moskvada Rusiya xarici işlər naziri Sergei Lavrovla danışıqlarda sözü gedən mövqeyi açıq ifadə edib.

Biegun Lavrova deyib ki, Moskvanın Belarusdakı proseslərə açıq və ya üstüörtülü müdaxiləsinin ABŞ-Rusiya münasibətləri üçün ciddi nəticələri ola bilər.

Biegun bunu da vurğulayıb ki, ABŞ-ın bu mövqeyi noyabrın 3-də keçiriləcək ABŞ prezident seçkisində kimin qalib gəlməsindən asılı olmayaraq dəyişməyəcək.

Avropanın əksər ölkələri, o cümlədən də Birləşmiş Ştatlar və bir sıra başqa ölkələr Belarusda keçirilmiş prezident seçkisinin nəticələrini tanımadıqlarını bəyan ediblər.

Bu seçkidə rəsmi məlumatlara görə ölkəyə 26 ildir ki, avtoritar rəhbərlik edən Alyaksandr Lukashenka qalib elan olunub.

Həmin vaxtdan bəri seçki nəticələrinə etiraz edən müxalifətin və onun tərəfdarlarının aramsız nümayişləri davam edir.

Lukashenkaya qarşı sanksiyalar tətbiq edildi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

BMT etirazçılara qarşı işgəncə faktlarını sənədləşdirib

BMT-nin insan haqları ekspertləri sentyabrın 1-də verdikləri bəyanatda bildiriblər ki, Belarusda seçkidən bəri təcridxanalarda saxlanan etirazçılara qarşı 450 işgəncə və qəddar rəftar faktı sənədləşdirilib.

Bu arada ilk dərs günü olan sentyabrın 1-də Minskdə tələbələrin tələbələrin izdihamlı anti-Lukashenka yürüşü keçirilib.

Vyasna insan haqları qrupunun verdiyi məlumata görə iğtişaş polisi bu yürüşə bir neçə yerdə hücum edib və azı 55 nəfər saxlanıb.

Sentabrın 1-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tələbələr qarşısında çıxış edən Rusiya xarici işlər naziri Sergei Lavrov Qərb ölkələrini Belarusda baş verən böhran barədə “hökm çıxarmaqda” ittiham edib və deyib ki, belə bir münasibət “müasir dünyada yolverilməzdir”.

XS
SM
MD
LG