Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:23

Ailələr aylardır məktəbdən uzaq düşən uşaqları üçün narahatdır


Azərbaycanda məktəb, arxiv foto
Azərbaycanda məktəb, arxiv foto

Yeni dərs ilin başlamasına cəmi 10 gün qalıb. Amma koronvirus pandemiyası bir çox sahələr kimi təhsilə də təsirsiz ötüşməyib. Ötən təhsil ilində dərslər martın 3-dən dayandırılıb. Yalnız dərslər onlayin keçirilib. Təhsil ili elə həmin qaydada da başa çatıb. Bu il isə yalnız ibtidai siniflərdə dərslərin vaxtında başlanacağı ( İlkin dövr həftədə 2-3 gün) gözlənir.

5 və 10-cu siniflərin dərsləri oktyabrın 1-də, qalan siniflər isə oktyabrın 15-də başlamalıdır.

“Təhsildən geri qalırlar”

“İki oğlum var. Biri doqquzuncu, o biri də beşinci sinifə keçib. Karantindir, uşaqlar mart ayından, demək olar ki, dörd aya yaxın dərsə getmirlər. Təhsildən geri qalırlar. Repetitorun yannına göndərdim, effekt vermədi. Düzdür onlayın dərs keçdilər. Uşaqlarım bunu mənimsəyə bilmədilər. Məktəbsiz repetitor da yaxşı nəticə vermir. Bütün vasitələrdən istifadə etmişəm ki, uşaq geri qalmasın. Ancaq qalır, məktəbsiz mümkün deyil.”

“Maska da taxmırlar”

Zabir Ağayev
Zabir Ağayev

Astara şəhər sakini Zabir Ağayev sözünə davam edərk deyir ki, karantin dövründə məktəbli uşaqlar heç də evdə qalmırlar:

“Evdə nə qədər oturmaq olar? Məktəbli uşaqlar bütün günü küçələrdədirlər. Maska da taxmırlar. Bir var ki, pedaqoji sahədə təcrübəsi olan müəllimlər onlarla məşğul olsun, bir də var ki, küçələrdə gəzsinlər...”

“İnternet bir kənara qalsın, heç televizorumuz da yoxdur”

Rayon sakini Elşən Əliyev isə ailəsində 5 məktəbli uşağın olduğunu söyləyir:

“Dağlıq ərazidə yaşayırıq. Burda internetə çxış olmayıb. İnternet bir kənarə qalsın, heç televizorumuz da yoxdur. Eşitmişəm ki, karantin elan ediləndən sonra məktəbli uşaqlara onlayın dərs keçiblər. Bizdə mümkün deyil. Məktəbi bağladılar. Uşaqlar məktəbdən uzaq düşdülər. Yüzlərlə ailə var ki, məktəbli uşaqları kitaba əl belə vurmur. Dağ ərazisində dərsin keyfiyyəti elə də yaxşı deyildi. Bir tərəfdən də məktəb bağlandı, uşaqlar evdə qalamlı oldular. Boşluq yaranıb. Nə mənim, nə də həyat yoldaşımın savadı var...”

“Səs itirdi, internet olmurdu, işıq sönürdü”

Rahim Nuriyev, 2019
Rahim Nuriyev, 2019

Lənkəran müəllimlər cəmiyyətin sədri Rahim Nuriyev isə pandamiya dövründə təhsildə yaranmış boşluğu müxtəlif vasitələrlə doldurmağı vacib sayır:

“Pandamiyanın təhsilə böyük ziyanı var. Bir var uşaq praktik olaraq dərs keçsin, bir də var ki, onlayın keçsin. Onlayın dərsdə davamiyyət yüksək olmur. Kim istəyir iştirak edir, kim istəmir eləmir. Onlayında da problemlər var idi. Səs itirdi, internet olmurdu, işıq sönürdü. Bu da dərsin keyfiyyətinə, səmərəlliyinə zərbə vururdu. Sinifdə şagird məsuliyyət daşıyırdı.”

“Yerli şəraiti nəzərə almaq lazımdır”

Lerik rayonunda kənd, arxiv foto
Lerik rayonunda kənd, arxiv foto

O, da deyir ki, dağ ərazilərində yaşayan məktəblilərin internetə çıxışı ürəkaçan deyil:

“Lerik, Yardımlı dağ rayonlarıdır. Astaranın, Lənkəranın, Masallının müəyyən əraziləri də dağlardan ibratədir. Elə kəndlər var ki, adi telefon yoxdur. Planşet lazımdır. Kasıb ailə onu hansı pul ilə alsın? Lerik və Yardımlı rayonlarında koronavirus elə də yayılmayıb. Uzaq kəndlərdə dərslərin keçirilməsinə təhlükə görmürəm. Yerli şəraiti nəzərə almaq lazımdır.”

Təhsil rəsmisindən açıqlama

Astara təhsil şöbəsinin müdiri Rəşad Həsənov
Astara təhsil şöbəsinin müdiri Rəşad Həsənov

Astara təhsil şöbəsinin müdiri Rəşad Həsənov isə deyir ki, şagirdlərə dərs keçilməsi üçün qaydalar müəyyənləşib:

“Bundan sonra dərslər 3 gün məktəbdə, 3 gün onlayın keçiriləcək. Televizyada gedəcək. Dərslər Mədəniyyət və İctimai kanallarda gedəcək. Bu barədə məlumatlar gedib... Sonra, yoluxmanın nəticəsindən aslı olacaq. Maksimum səy göstərəcəyik ki, şagirdlər məktəbdə proqramı mənimsəsinlər. Ötən dərs ilində Astarada 17 mindən çox şagird təhsil alırdı. Bu il şəbəkə təsdiq olunmayıb. Təsdiq olunandan sonra dəqiq biləcəyik ki, məktəblərdə nə qədər şagird təhsil alır.”

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 26 milyon 799 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 879 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə qədər ümumilikdə 37031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 nəfərin vəfat etdiyi açıqlanıb. Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

XS
SM
MD
LG