“Söz və birləşmə azadlıqlarının həyata keçirilməsi heç vaxt azadlıqdan məhrumetmə üçün əsas ola bilməz. Bunlar universal insan haqlarıdır. Azərbaycanda Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesindən narahatlıq duyuruq və onun sərbəst buraxılmasına çağırırıq.”
ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Twitter səhifəsində Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində çıxarılan məhkəmə hökmünə belə münasibət bildirilib.
Hökmdən sonra ABŞ-ın Azərbaycandakı səfirliyi də Tofiq Yaqublu haqqında çıxarılan hökmü pisləyən bəyanatla çıxış edib.
"Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi Amerika Birləşmiş Ştatlarının Səfirliyini məyus etmişdir. Cənab Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunmuşdur. Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun ışınə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq." deyə səfirlik bildirir.
Xatırlatma
Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə hökm çıxarıb.Elə həmin prosesdə T.Yaqublu aclıq aksiyasına başladığını bəyan edib. Tofiq Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi-nin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib". T.Yaqublunun Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunurdu. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.