İsrail və Körfəzin ərəb ölkələrindən olan Bəhreyn aralarındakı münasibətlərin tam normallaşdırılmasına dair razılığa gəliblər.
Bu barədə bəyanatı ABŞ prezidenti Donald Trump Twitter-də verib:
"30 gün ərzində artıq ikinci ərəb dövləti İsraillə sülh razılığına gəlib”.
Onilliklərdir ki, əksər ərəb ölkələri İsraili dövlət kimi tanımaqdan imtina edirlər.
Onlar israr edirlər ki, İsraillə münasibətlər yalnız Fələstin dövləti məsələsi həllini tapdıqdan sonra normallaşa bilər.
Lakin ötən ay Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsraillə münasibətlərin normallaşmasına razılaşıb.
Elə həmin vaxt Bəhreynin də belə bir addım atacağı gözlənilirdi.
İsrailin baş naziri Benjamin Netanyahu sentaybrın 11-də bəyan edib ki, daha bir ərəb ölkəsi ilə sülh razılaşması əldə olunub və o bu hadisədən çox həyəcanlıdır:
"Bu sülhün yeni erasıdır. Sülh müqabilində sülh. İqtisadiyyat müqabilində iqtisadiyyat. Biz sülh naminə uzun illər çalışmışıq və indi sülh bizim üçün çalışacaq”.
İsrail ilhaq planından əl çəkir
Bəhreyn İsrail 1948-ci ildə yaradılandan bəri onu rəsmən tanıyan dördüncü ərəb ölkəsi olub.
Bundan əvvəl İsrail dövlətini İordaniya, Misir və Birləşmiş Ərəb Əmirlikləri tanıyıblar.
ABŞ prezidenti Donald Trump bu barədə Twitter-də yazıb:
"Bugün daha bir tarixi uğur qazanılıb! Bizim iki böyük dostumuz – İsrail və Bəhreyn Krallığı Sülhə razılaşıblar”.
Prezident habelə Twitter-də onun özü, Netanyahu və Bəhreynin vəliəhd şahzadəsi Salman bin Hamad al-Khalifa arasında imzalanmış razılaşma sənədinin surətini yayıb.
Avqust ayında İsraillə belə bir sənədi Birləşmiş Ərəb Əmirlikləri imzalamışdı.
Bu sənəddə bildirilirdi ki, İsrail İordan çayının qərb sahilindəki bəzi əraziləri ilhaq etmək kimi ziddiyyətli planından əl çəkir.
İran faktoru
Şərhçilərin fikrincə ərəb dövlətlərini İsraillə yaxınlaşdıran əsas faktorlardan biri də bölgədə İranın fəallığının artmasıdır.
Ötən ay İsraildən BƏƏ-yə ilk sərnişin təyyarəsi uçub.
Prezident Trump-ın kürəkəni və onun Yaxın Şərq üzrə müşaviri Jared Kushner də həmin təyyarədə idi.
Bəhreyn ötən həftə bildirmişdi ki, İsrail və BƏƏ arasında təyyarə uçuşları üçün özünün səma məkanından istifadə icazəsi verəcək.
Trump gələn həftə İsrail və BƏƏ arasında rəsmi razılaşmanın Vaşinqtonda keçiriləcək mərasiminə rəhbərlik edəcək.
Bu da qeyd olunmalıdır ki, Ərəb Liqasının üzvü olan Mavritaniya 1999-cu ildə İsraillə diplomatik münasibətlər yaratsa da, 2010-cu ildə bu münasibətləri dayandırıb.