Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:11

Rusiyanın Navalnıya görə cəzalandırılması tələb edilir


Aleksey Navalnı
Aleksey Navalnı

Avropa Parlamenti Aleksey Navalnının zəhərlənməsi ilə bağlı beynəlxalq təhqiqata çağıran qətnamə qəbul edib.

Qətnamədə habelə Rusiya vətəndaşlarına qarşı mütəmadi olaraq kimyəvi silahdan istifadə edilməsi ilə bağlı narahatlıq ifadə edilib.

Avropa Parlamenti Rusiya hakimiyyət orqanlarını Kimyəvi Silahların Qadağanı beynəlxalq agentliyi ilə əməkdaşlığa çağırıb.

Mətni parlamentin bir neçə aparıcı fraksiyası tərəfindən tərtib edilmiş qətnamədə deyilir ki, Navalnının həyatına sui-qəsd cəhdi Rusiyada tənqidi səslərin susdurulmasına yönəlmiş “sistematik cəhdlərin” olduğunu nümayiş etdirib.

Parlament üzvləri bildiriblər ki, Navalnının həyatına sui-qəsd cəhdini Kremlin ölkə daxilində repressiyalara, xaricdə isə dünya nizamının pozulmasına yönəlmiş səylər zəncirinin bir həlqəsi kimi qiymətləndirirlər.

Qətnamədə habelə Avropa İttifaqı rəhbərliyinə, ən yaxın müddətdə Rusiyaya qarşı yeni məhdudiyyətlər siyahısının tərtib edilməsinə və artıq mövcud sanksiyaların genişləndirilməsinə çağırış edilir.

Bu da qeyd olunur ki, sanksiya siyahısına daxil ediləcək şəxslərin sırasında Navalnının Korrupsiyaya qarşı Müdafiə Fondunun təhqiqat subyekti olmuş fərdlərin olmasına diqqət yetirilməlidir.

Rusiya “repressiv qanunlarını” ləğv etməlidir

Sənəddə deyilir ki, Avropa İttifaqı Rusiyadan öz qanunvericiliyinin repressiv müddəalarını ləğv etməsini tələb etməlidir.

Qətnamədə Rusiya Konstitusiyasına bu yaxınlarda qəbul edilmiş düzəlişlər və əlavələr “qanunsuz” elan edilir.

Bu düzəlişlərdən biri indiki prezident Vladimir Putinin 2036-cı ilədək hakimiyyətdə qalmasına imkan verir.

Avropa millət vəkilləri Avropa İttifaqı rəhbərliyini Rusiya ilə yeni münasibətlər strategiyasının işlənməsinə çağırırlar.

Çağırışda deyilir ki, Rusiyaya münasibətdə ittifaqın bütün üzvləri yekdil mövqedə olmalıdırlar.

Avropa Parlamentinin qətnaməsində Rusiya qazını Almaniyaya nəql etməli olan ŞimalAxını 2 kəmər layihəsinə mənfi münasibət ifadə olunur.

Avropa Millət vəkilləri Magnitsky qanuna uyğun olan “Navalnı qanununun” işlənməsinə çağırıblar.

Navalny-nın Tomskdakı hoteldə zəhərləndiyi bildirilir
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Avropada “Rusiya Universiteti”

Sənəddə bu da deyilir ki, Rusiya gənclərinin Avropa İttifaqında təhsil almalarına güzəştli şərait yaradılmalıdır.

Qətnamədə hətta Avropa İttifaqı ölkələrindən birində “Rusiya Universitetinin” yaradılması təklif olunur.

Avropa Parlamentinin qətnamələri tövsiyə xarakteri daşısa da, ittifaq siyasətçiləri onları nəzərə almaq məcburiyyətindədirlər.

Navalnının sovet istehsalı olan Noviçok kimyəvi silahı ilə zəhərlənməsinə dair rəy Almaniya, Fransa və İsveçin müstəqil laboratoriyalarının analiz nəticələrinə əsaslanır.

Rusiya hakimiyyət orqanları Navalnının zəhərlənməsini inkar edir.

Hazırda Berlin klinikasında müalicə olunan Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putinin qatı tənqidçisidir.

Qətnamədə deyilir ki, Navalnının zəhərlənməsinə dair beynəlxalq təhqiqat iştirakçılarının sırasına Avropa İttifaqı, BMT, Avropa Şurası daxil edilməlidir.

XS
SM
MD
LG