Avropa Birliyinin (AB) xarici siyasət rəhbəri blokun Alyaksandr Lukaşenkanı Belarus prezidenti kimi tanımadığını bir daha bəyan edib. Sentyabrın 23-də Lukaşenkanın gözlənilmədən andiçmə mərasimi keçirməsi ölkədə böyük nümayişlərə səbəb olub.
9 avqust seçkisindən sonra Lukaşenkanın qalib elan olunması ölkədə etirazlar doğurub, kütləvi etirazlara çıxanlar yeni seçki tələb ediblər. Minlərlə saxlanan olub, yüzlərlə etirazçı döyülüb. Müxalifət liderləri ya həbs olunublar, ya da ölkədən qaçmağa məcbur ediliblər.
AB Belarus xalqını dəstəkləyir
Sentyabrın 23-də Lukaşenka and içərkən polis mərkəzi küçələri bağlayıb. Dövlət mediası xəbəri versə də, tədbiri geniş işıqlandırmayıb. Minskdə İnternet kəsilib, yaxud məhdudlaşdırılıb.
“Bu andiçmə Belarus xalqının böyük hissəsinin iradəsinə birbaşa ziddir… Belarusda siyasi böhranı daha da dərinləşdirməyə xidmət edir”, – Cozep Borel sentyabrın 24-də bəyanatında deyib.
“Avropa Birliyinin mövqeyi aydındır: Belarus vətəndaşları inklüziv, şəffaf və etibarlı seçkilərdə seçdikləri şəxslərin onları təmsil etməsi hüququna layiqdirlər”, – Borel əlavə edib.
Andiçmə günü küçələrə çıxanları polis su şırnaqları, dəyənəklərlə dağıdıb. Daxili İşlər Nazirliyi bu gün bəyan edib ki, Minsk və başqa yerlərdə 364 nəfər saxlanıb.
“Belarus hakimiyyətinin qəddar repressiyasına baxmayaraq, demokratiya və fundamental hüquqları uğrunda dinc nümayişi davam etdirən Belarus xalqının cəsarətindən təsirlənmişik. Onlarla həmrəyik, prezidenti yeni azad və ədalətli seçkidə seçmək kimi demokratik hüququnu tam dəstəkləyirik”, – Borel vurğulayıb.
Sanksiyalar hazırlanır
Diplomatik mənbələrin “AFP”yə bildirməsinə görə, AB repressiya üçün məsuliyyət daşıyan 40 nəfərə sanksiyalar hazırlayır, elə Lukaşenkanın özünü də cəzalandırmağı nəzərdən keçirir.
Ancaq bundan ötrü AB-nin 27 üzvünün dəstəyi lazımdır. Kipr isə Türkiyəyə qarşı tədbirlər görülməsini, özünə aid iqtisadi zonada qaz axtarışının dayandırılmasını tələb edir.
İsveç və Finlandiya isə Lukaşenkaya sanksiya tətbiqinə qarşı çıxır ATƏT-in vasitəçiliyinə icazə istəyir. Bu qurumda sədrlik Stokholma keçməlidir.
Məsələ oktyabrın 1-2-də AB-nin Brüssel sammitində müzakirə olunacaq.
Kremlin sözçüsü Dmitri Peskov deyir ki, Prezident Vladimir Putin Lukaşenkanı andiçmə münasibətilə təbrik etməyib, amma burda qeyri-adi bir şey yoxdur.
Onun sözlərinə görə, Putin 9 avqust seçkisindən sonra Lukaşenkanı telefonla təbrik edib və sentyabrın 14-də Soçidə onunla şəxsən görüşüb.
Rusiya müttəfiqini öz təsir dairəsində saxlamağa çalışır. Sentyabrın 14-də əldə olunan razlaşmaya görə, Belarusa 1.5 milyard dollarlıq dövlət krediti ayrılacaq.