Qırğızıstan parlamentinin spikeri Dastan Cumabekov istefa verib.
AzadlıqRadiosu xəbər verir ki, bu barədə qərar parlamentin növbədənkənar sessiyasında qəbul olunub.
Sessiya Dostluq otelində keçirilmişdi.
Bu da xəbər verilir ki, sözü gedən sessiyada 20-dən çox deputat iştirak edir. Buna baxmayaraq bir çox deputatlar etibarnamə ilə səs veriblər.
Cumabekovun istefası qəbul edildikdən dərhal sonra Bir Bol partiyasının lideri Mıktıbek Abdıldayev spiker seçilib.
Onun namizədliyinə 67 deputatın səs verdiyi xəbər verilir.
Qırğızıstanın 24.kg və Kaktus.media saytları xəbər verir ki, baş nazir Kubatbek Boronov da istefa verib.
Parlamentdə çoxluğun koalisiyası baş nazir vəzifəsinə Sadır Japarovun namizədliyini irəli sürüb.
İndi o parlamentə yeni hökumətin tərkibini təqdim etməlidir.
***
Qırğızıstanda Mərkəzi Seçki Komissiyası 4 oktyabr parlament seçkisinin nəticələrini ləğv edib. Bununla da bir gün öncə küçələrə çıxmış, dövlət binalarına girmiş etirazçıların tələbi yerinə yetirilmiş oldu.
Prezident Sooranbay Jeyenbekovun idarəsi bu xəbərdən öncə bildirmişdi ki, prezident ölkəni “nəzarətə alıb”. Ancaq ölkə başçısının yeri bilinmir.
***
Jeyenbekovun opponentləri hakimiyyəti 'qanunsuz ələ keçirmək istəyiblər'
Qırğızıstan Prezidenti Sooronbay Jeyenbekov oktyabrın 6-da opponentlərini iğtişaşları dayandırmağa çağırıb. Vebsaytına yerləşdirilmiş bəyanatda Jeyenbekov deyir ki, təhlükəsizlik qüvvələrinə atəş açmamaq əmri verib, parlament seçkisinin nəticəsini ləğv etməyə hazır olduğunu bildirib.
“Mərkəzi Seçki Komissiyasına qanun pozuntularını hərtərəfli araşdırmağı, gərəkərsə, seçkinin nəticələrini ləğv etməyi tövsiyə etmişəm”, – Jeyenbekov vurğulayıb.
O, hökumət, televiziya və təhlükəsizlik binalarını ələ keçirən qəzəbli etirazçıların hakimiyyəti qanunsuz zəbt etməyə çalışdığını vurğulayıb.
***
Etirazçılar Atambayevi həbsdən azad edib
Qırğızıstanda prezident idarəsinin və parlamentin yerləşdiyi binanı etirazçılar tutandan sonra orada yanğın başlanıb. Həbsdə olan keçmiş prezident isə azad olunub. Ölkədə parlament seçkisinə etiraz edənlərlə təhlükəsizlik qüvvələri arasında zorakı toqquşmalar baş verib.
Oktyabrın 6-na keçən gecə etirazçıların tutduğu binanın üçüncü mərtəbəsində yanğın başlanıb. Bu binada Prezident Sooronbay Jeyenbekovun idarəsi və 120 yerlik Ali Şura yerləşir. AzadAvropa/AzadlıqRadiosu-nun Qırğızıstan xidməti yanğınsöndürənlərin yanğını söndürməyə çalışdığını xəbər verir.
Sosial mediada yayılan fotolardan görünən odur ki, etirazçılar yeddinci mərtəbədə yerləşən prezident idarəsinə girərək ota-otaq gəzirlər, bəzi yerlərdə mebelləri dağıdırlar. Otaqlardan birində Jinbekovun portretini divardan götürür, onu təpiklə çərçivəsindən vurub salırlar.
Keçmiş prezident, baş nazir azad olunur
Daha bir qrup etirazçı ictimai televiziya və radio şirkətinin binasını tutur. Etirazçılar heç bir müqavimətlə üzləşmədən Dövlət Təhlükəsizlik Komitəsinin binasına da daxil olurlar.
Keçmiş prezident Almazbek Atambayev həmin binadan azad olunur və daha sonra tərəfdarlarını salamladığı yerdə görünür. Xəbərləri AzadlıqRadiosu və “Frans Pres” agentliyi yayıb. Atambayev iyunda korrupsiyada təqsirli bilinərək 11 il iki ay həbsə məhkum edilib.
Parlamentin keçmiş üzvü Sadır Caparov da azad olunub və Bişkekin mərkəzi Ala-Tu meydanında tərəfdarları qarşısında çıxış edib. Keçmiş baş nazir Sapar İsakovun Moldovanovka kəndi yaxınlığındakı cəzaçəkmə müəssisəsindən azad olunduğu xəbər verilir.
Hadisələrin belə sürətli inkişafı Bişkekdə seçkinin nəticəsinin ləğvi tələbilə keçirilən böyük etirazdan sonra baş verib. Polis etirazçıları su şırnağı, gözyaşardıcı qaz, rezin güllələr, səs qumbaraları ilə dağıdıb.
Bişkek xəstəxanalarında zorakılıqda xəsarət almış 120-dən çox etirazçınn müalicə olunduğu bildirilir.
Prezident siyasi partiya liderləri ilə görüşməlidir
Etirazçılar “Prezident Jeyenbekov, Getməlisən!” şüarını səsləndirib, tanınmış müğənnilər siyasətçilərə qoşularaq kütlə qarşısında çıxış ediblər.
Hazırda Jeyenbekovun harada olduğu bəlli deyil, amma sözçüsü Tolqona Stamaliyeva deyib ki, prezident Bişkekdədir.
Prezidentin mətbuat xidmətinin daha öncə yaydığı bəyanata görə, Jeyenbekov oktyabrın 6-da parlament seçkisinə qatılmış 16 siyasi partiyanın liderləri ilə böhran danışıqları aparacaq.
Müxalifət partiyaları oktyabrın 4-də keçirilmiş parlament seçkisində kütləvi saxtakarlıq baş verdiyini iddia edib, seçkinin nəticəsinin dəyişdirilməsini tələb edib.
Parlamentə keçmiş 3 partiya əsasən hökumətyönlü hesab olunur. Birimdik və Mekenim Qırğızıstan partiyaları Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi ilə daha dərin inteqrasiya, Rusiyayla daha sıx münasibətlər tərəfdarıdır.
Müxalifətdən təkcə millətçi Bütün Qırğızıstan partiyası 7.13 faiz səslə parlamentə keçə bilib.