Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:32

Qərb mediası ‘dron müharibəsi’ndən yazır


Arxiv fotosu
Arxiv fotosu

Bu böhranın həlli üçün gərəkən mexanizmlərin tükəndiyi görünür. Bir əngəl koronavirus pandemiyası, bundan da böyük problem isə qlobal liderliyin olmamasıdır

“The Economist” dərgisi Dağlıq Qarabağdakı döyüşlərdən söz açan iki məqalə dərc edib. Dərgi redaksiya məqaləsində qlobal liderlik vakuumunun yerli münaqişələri genişləndirdiyini yazır.

Məqalədə deyilir ki, sözügedən böhranın həlli üçün gərəkən mexanizmlərin tükəndiyi görünür. Bir əngəl koronavirus pandemiyası, bundan da böyük problem isə qlobal liderliyin olmamasıdır. 1994-cü ildə atəşkəs ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə olunmuşdu. Barak Obama dövründə dünyadan ölkə içinə çəkilməyə başlayan Birləşmiş Ştatlar Donald Trampın prezidentliyi altında ərəb ölkələri ilə İsrailin münasibətlərini yaxşılaşdıra bildi.

“Ancaq ABŞ rutin sülhyaratma fəaliyyətini tamamilə tərk etdi. Türkiyə NATO üzvüdür və Erdoganı bu münaqişəyə qarışmamağa çağırmaqdan ötrü yaxşı platforma ola bilərdi... Di gəl, cənab Trampın NATO-ya ayıracaq vaxtı yoxdur”, – məqalədə deyilir. O da vurğulanır ki, dondurulmuş münaqişələr istənilən vaxt qızışa bilər, kinli, tükənmiş, başını itirmiş demokratik supergücün olduğu dünyada isə müharibələrin qarşısının alınması daha da çətinləşir.

Kiçik ölkələr və dronlar

Dərgidə yer almış digər məqalədə bu döyüşlərin müharibənin gələcəyinə eyham vurduğu qeyd olunur, dronlardan istifadədən söz açılır.

“Ekspertlər arasında ümumi yanaşma belədir ki, dronlar ölkələrarası müharibələrdə böyük rol oynamamalıdır, çünki havadan müdafiə atəşi qarşısında zəifdirlər”, – Avropa Beynəlxalq Əlaqələr Şurasından Ulrike Franke deyib.

Məqalədə deyilir ki, ola bilsin, Amerika, Çin və Rusiya kimi iri dövlətlərin iştirakı ilə müharibələrdə bu yanaşma doğrudur. Amma kiçik münaqişələr bu fikrin yanlış olduğunu sübut edib. Məsələn, Türkiyə fevralda Suriyanın şimalına hücum zamanı TB2 dronlarla yüzlərlə Suriya zirehli maşınını məhv etdi.

Franke deyir ki, dronlar hava qüvvələri kiçik ölkələr üçün böyük fərq yaradır, çünki hərbi təyyarələri almaq, saxlamaq, işlətmək xərc tələb edir. Ermənistanla Azərbaycanın birlikdə 52 hərbi təyyarəsi var.

“Qafqaz yanır, Avropa çabalayır”

Karnegi Avropa Fondunun əməkdaşı, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal Dağlıq Qarabağ müharibəsini humanitar fəlakət adlandırır. “Buna adekvat cavab verə bilməmək Avropa Birliyinin öz qonşuluğunda strateji oyunçuluq iddialarına zərbə vurur”, – o vurğulayır.

Ekspert qeyd edir ki, bu münaqişə AB-nin Şərq Tərəfdaşlığı siyasətində böyük bir oyuq açır, hər iki ölkənin qonşusu Gürcüstanı da böyük təzyiq altında qoyur. AB üzvləri ayrı-ayrılıqda münaqişəyə daha güclü reaksiya veriblər. Müəllifin fikrincə, avropalılar münaqişə haqda ucadan danışa, hər iki tərəfin giley-güzəranı vurğulaya bilərlər. Məsələn, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, eyni zamanda separatçı ərazidə yaşayanlara qarşı gücdən istifadənin qəbulolunmaz olduğunu bəyan edə bilərlər.

Təhlilçi Ermənistan qüvvələrinin 30 ilə yaxındır Azərbaycanın Qarabağ regionunu və ətraf yeddi regionu nəzarətində saxladığını qeyd edir.

“Bu vəziyyət qəbulolunmazdır və Ermənistanı yeni zorakılıq dalğasının himayəçisinə çevirir. Həmin əraziləri vaxtilə orada yaşamış yüzminlərlə azərbaycanlıya qaytarmadan münaqişənin sülh yoluyla həlli mümkün deyil”, – müəllif yazır.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 25 civarında kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

XS
SM
MD
LG