Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:22

Avropada yoluxmalar artır, qadağalar qayıdır


Arxiv fotosu
Arxiv fotosu

1.27 milyon yoluxmanın qeydə alındığı Rusiya dünyada bu göstərici üzrə dördüncü yerdədir. Oktyabrın 9-da 12 mindən çox yoluxma təsdiqlənib ki, bu, maydan bəri ən böyük rəqəmdir

Avropanın bir sıra ölkələrində yeni koronavirusa yoluxmalar artdıqca hökumətlər yeni qadağalar tətbiq edirlər.

1.27 milyon yoluxmanın qeydə alındığı Rusiya dünyada bu göstərici üzrə dördüncü yerdədir. Oktyabrın 9-da 12 mindən çox yoluxma təsdiqlənib ki, bu, maydan bəri ən böyük rəqəmdir.

Rospotrebnadzor-un başçısı Anna Popova durumun getdikcə çətinləşdiyini deyib, qarşıda yeni tədbirlərin alınacağını vurğulayıb.

“Ya məhdudiyyətlərə əməl etməliyik, ya da yeni tədbirlər görüləcək”, – Popova bildirib.

Ötən aydan paytaxt Moskvada bəzi qadağalar qoyulub, yaşı 65-dən yuxarı vətəndaşların evdə qalmasına göstəriş verilib.

Rusiyada indiyədək koronavirusdan 22 mindən çox ölüm təsdiqlənsə də, tənqidçilər rəsmiləri vəziyyətin kəskinliyini gizlətmək üçün ölümləri tam açıqlamamaqda ittiham edirlər.

Avropa

Yazda pandemiyanın öhdəsindən sürətlə gəldiyinə görə alqışlanan Çexiya respublikasında vəziyyət pisləşir. Artıq ölkədə 100 mindən çox yoluxma, 869 ölüm halı təsdiqlənib. Hökumət qadağaları möhkəmləndirir.

Britaniyada pab və restoranların yenidən bağlanmasının nəzərdən keçirildiyi xəbər verilir. Bu ölkədə koronavirusdan 43 minədək insan vəfat edib.

İspaniyada hökumət bu gün yığışaraq paytaxt Madriddə fövqəladə vəziyyətin tətbiqini müzakirə edəcək. 4.5 milyon əhalisi olan şəhərdə yoluxmalar yenidən artır. Ölkədə indiyədək 848 mindən çox yoluxma, 33 minədək ölüm halı qeydə alınıb.

Almaniyada bir günə 4 min 500-dən çox yoluxma təsdiqlənib. Ölkə üzrə ümumi yoluxma sayı 314 min 660, ölü sayı isə 9 min 589 nəfərdir.

Dünya üzrə 36.5 milyon nəfərin koronavirusa tutulduğu təsdiqlənib, 1.06 milyon xəstə vəfat edib.

İsraildə isə durum nisbətən düzəlir, gündəlik yoluxmalar azalan xətt üzrə gedir. Üç həftədir ölkədə ümumi karantin elan olunub. Son həftələr 9 min yoluxma qeydə alınırdısa, oktyabrın 9-da bu rəqəm 3 min 692 nəfərə düşüb.

İsrail pandemiyanın ilkin dövründə sərt karantin tədbirləri ilə onu nəzarətə ala bilmişdi, ancaq mayın sonunda qadağalar yüngülləşdirilən kimi yoluxma sayı kəskin artmağa başladı.

XS
SM
MD
LG