Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

‘Amerikanın Səsi’: Azərbaycan niyə savaşır


Gəncə, 11 oktyabr, 2020-ci il
Gəncə, 11 oktyabr, 2020-ci il

Zaur Şiriyevin sözlərinə görə, cəbhə xəttindəki Azərbaycan əsgərlərinin “döyüş əzmi qətidir”, vətəndaşlar arasında isə sülh danışıqlarına “qayıtmağa dəstək hiss olunmur”

Dağlıq Qarabağda və ətrafında ölü sayı artdıqca xarici dövlətlər Ermənistanla Azərbaycanı dayanıb danışıqlar masasına qayıtmağa çətin inandıra biləcəklər. “Amerikanın Səsi” radiosunun əməkdaşı Ceymi Detmer belə yazır.

Məqalədə deyilir ki, sentyabrın 27-dən başlanmış əməliyyatlarda 60-dan çox mülki şəxs olmaqda minədək insanın həlak olduğu bildirilir. Moskvanın vasitəçiliyi ilə oktyabrın 10-dan atəşkəs əldə edilməsinə baxmayaraq tərəflər bir-birini onu pozmaqda suçlayır. Oktyabrın 11-də Gəncənin raket atəşinə tutulması nəticəsində 10 nəfər həlak olub, azı 30 nəfər yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev bu hücumu “hərbi cinayət” adlandırıb. Dağlıq Qarabağdakı separatçı liderlər isə Azərbaycan qüvvələrinin Xankəndini və digər şəhərləri atəşə tutduğunu bildirir.

“Bu ölümlər cəmiyyətləri radikallaşdırır, geri çəkilməyi siyasi baxımdan daha problemli edir”, – Britaniyanın “Chatham House” beyin mərkəzindən Lorens Broers deyib.

“Davamlı bombardmanlar nəticəsində həm Dağlıq Qarabağın erməni əhalisi, həm də Azərbaycanın Təmas Xəttindəki yaşayış məntəqələri humanitar faciə yaşayır. Ortada yeni bir acı, zəhərli sinizm bərqərar olur”, – o əlavə edir.

“Şifahi anneksiya”

Müşahidəçilərin fikrincə, gərgin döyüşlərin bərpası aylardı yaxınlaşırdı, amma koronavirus pandemiyası və digər fövqəladə durumlar diqqəti ondan yayındırdı.

Müəllif ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqların illərlə uzandığını, irəliləyiş olmamasının azərbaycanlılara Ermənistandan daha çox təsir göstərdiyini qeyd edir.

“Azərbaycan bir nəsil səbirli davranıb. Azərbaycan illərlə xəbərdarlıq edirdi ki, sülh prosesi tükənərsə, son addım gücdən istifadəyə əl atılacaq”, – Kanada Qlobal Məsələlər İnstitutundan Robert Katler həmin ölkənin “Hill Times” xəbər saytında yazır.

Onun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Minsk sülh prosesində razılaşdırılmış təməl prinsipləri açıq şəkildə rədd etməsi Bakının səbr kasasını daşdırdı. Ötən il avqustun 5-də onun “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməsi “şifahi anneksiya”ya bərabər idi, Katler düşünür.

“1990-cı illərin əvvəllərindən müharibə başlanandan Ermənistanın heç bir siyasətçisi bunu deməmişdi. Birincisi, bu, siyasi dinamit idi, çünki bu ərazinin Azərbaycanın olması beynəlxalq səviyyədə tanınıb. İkincisi, Ermənistan Dağlıq Qarabağın Ermənistandan müstəqil olması fikrini pərdələyib saxlamağa çalışıb”, – təhlilçi vurğulayır.

“Təmas Xəttini yara biliblər”

Müəllif Türkiyənin Azərbaycana dəstəyinə də toxunur. Azərbaycan 2016-cı ildən ordusunu modernləşdirir, son bir neçə ildə 10 milyard dollarlıq silah alıb.

Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyev cəbhə xəttinə baş çəkəndən sonra ordunun əhvalının yüksək olduğunu deyib.

Lorens Broers deyir ki, 2016-cı ilin aprel döyüşlərində olduğundan daha ciddi uğurlar Türkiyə və İsrail dronları vasitəsilə Ermənistan qüvvələrinin hava müdafiəsinin zəiflədilməsi sayəsində əldə edilib. “Vəziyyətin dəyişkənliyinə baxmayaraq, Azərbaycan qüvvələri xüsusilə cənub tərəfdə Təmas Xəttini yara biliblər”, – o, sözlərinə əlavə edib.

Məqalədə deyilir ki, bu irəliləyiş Azərbaycan prezidentinin hücumdan öncəki status kvoya qayıtmasını çətinləşdirir. O, anklavdan və ətraf ərazilərdən qaçmış bir milyonadək azərbaycanlının ümidlərini qaytarıb. Əliyev ötən həftə deyirdi ki, ölkəsi ərazisini “ya sülh, ya da müharibə yoluyla” qaytaracaq.

Zaur Şiriyevin sözlərinə görə, cəbhə xəttindəki Azərbaycan əsgərlərinin “döyüş əzmi qətidir”, vətəndaşlar arasında isə sülh danışıqlarına “qayıtmağa dəstək hiss olunmur”.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Azərbaycan son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG