Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:32

ABŞ-da seçki kampaniyası davam edir


Donald Tramp (solda) və Co Bayden
Donald Tramp (solda) və Co Bayden

Tramp 2016-cı ildə Ayovada qalib gəlmişdi, amma indi bu ştat onunla Demokrat Partiyasının namizədi Co Bayden arasında şiddətli mübarizə gedən ştatlardandır

ABŞ Prezidenti Donald Tramp oktyabrın 14-də Ayova ştatında seçki tədbiri keçirib. O, koronavirusdan sağaldıqdan sonra kampaniyasını davam etdirir.

Tramp 2016-cı ildə Ayovada qalib gəlmişdi, amma indi bu ştat onunla Demokrat Partiyasının namizədi Co Bayden arasında şiddətli mübarizə gedən ştatlardandır.

Ayova senata nəzarəti ələ almaq baxımından da vacibdir. Respublikaçılar senatda 53-47 fərqlə üstünlüyə malik olsalar da, onu itirə bilərlər.

Tramp koronavirusla mübarizəsinə görə tənqid olunur. Amma o, özünün yoluxmasından və sağalmasından virus təhlükəsini kiçiltmək üçün istifadə edir. Prezident həmçinin administrasiyasının pandemiya ilə mübarizə cəhdlərini vurğulayıb.

ABŞ-da yeni koronavirusa 8 milyona yaxın insan yoluxub, 216 mindən çox xəstə vəfat edib.

Birinci ledi Melaniya Tramp oktyabrın 14-də deyib ki, prezident onların 14 yaşlı oğlu Baronu da yoluxdurub. Birinci xanım özü də yoluxmuşdu.

Ötən ay 383 milyon dollar yığıb

Dünən Bayden heç bir seçki tədbirinə qatılmayıb, Delaver ştatının Uilminqton şəhərində virtual ianə kampaniyası keçirib, Amerika müsəlmanlarına öncədən yazılmış müraciəti yayılıb.

Bayden Twitter-də elan edib ki, seçki kampaniyası sentyabrda 383 milyon dollarlıq ianə yığıb. İndi onun qərargahının 432 milyon dollar nağd pulu var. Trampın seçki qərargahı və Respublikaçı Milli Komitəsi sentyabr üçün ianə rəqəmləri açıqlamayıb. Avqustda Bayden 365 milyon, Tramp isə 210 milyon dollar toplaya bilmişdi.

Oktyabrın 15-də Trampla Bayden arasında ikinci debat olmalıydı. Prezident koronavirusa yoluxanda Prezident Debatları Komissiyası virtual debat təklif etsə də, prezident bundan imtina etdi.

Tramp artıq yoluxucu deyil, onun həkimləri, ABŞ-ın baş infeksionisti Entonu Fauçi bunu təsdiqləyib.

3 noyabr seçkisi öncəsi keçirilən rəy sorğuları Baydenin Trampdan 10 faiz irəli olduğunu göstərir.

Ancaq namizədin qalib gəlməsi üçün 270 Seçicilər Kollegiyasının səsi lazımdır, bu isə kütləvi səsvermə ilə deyil, onun qalib gəldiyi ştatlar vasitəsilə müəyyənləşir.

Artıq 15 milyona yaxın amerikalının poçtla, yaxud erkən səsvermə yoluyla səs verdiyi bildirilir. Çoxları seçki günü izdihamından qorunmaq istəyirlər.

2016-cı ildə oktyabrın 16-dək 1,4 milyon amerikalı ilkin səsverməyə qatılmışdı.

Bu arada Prezident Trampın Ali Məhkəmə hakimliyinə namizədi Emi Koni Baretin Senatın Ədliyyə komitəsində təsdiqlənməsi prosesi gedir. Demokratlar Trampın namizəd seçimini önləyə bilməsələr də dördgünlük dinləmələrdən Respublikaçılara qarşı yararlanmağa çalışırlar.

Oktyabrın 14-də dinləmələrin üçüncü günündə hakimliyə mühafizəkar namizəd iqlim dəyişikliyi, abort, səhiyyə, immiqrasiya, eynicinsli nikahlar və digər məsələlərlə bağlı suallardan yayınmağa çalışıb.

47 yaşlı namizəd deyib ki, işlər gəldikcə onlarla bağlı qərar verəcək, öncədən mühakimə etmək istəmir. O, Konstitusiyanın dəqiq təfsir olunacağını, şəxsi və dini baxışlarının hüquqi mövqeyinə təsir göstərməyəcəyini deyib.

Ömürlük hakimliyə təsdiqlənəcəyi halda Baret Ali Məhkəmədə balansı 6-3 mühafizəkar çoxluğun xeyrinə gücləndirəcək və potensial olaraq onun ideoloji balansını onillər boyunca dəyişə bilər.

Demokratlar onun namizədliyini tənqid ediblər. Onlar həmçinin respublikaçıları ikiüzlülükdə suçlayırlar, 2016-cı ildə seçkiyə görə keçmiş prezident Barak Obamanın hakimliyə namizədini blokladıqlarını deyirlər.

XS
SM
MD
LG