Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:24

Dağlıq Qarabağın statusu: Hardan haraya


1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində deyib ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Prezident habelə vurğulayıb ki, öz müqəddəratını təyinetmə hüququ Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır.

"Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər...", - o vurğulayıb.

Dağlıq Qarabağın statusu ilə bağlı tarixə qısa səyahət

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb.

Yerevanda DQMV-nin Ermənistan SSRİ-yə verilməsi təklifinə dəstək aksiyası. 1988
Yerevanda DQMV-nin Ermənistan SSRİ-yə verilməsi təklifinə dəstək aksiyası. 1988

Düz 58 il sonra, 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanun qəbul edib. Bununla da DQMV-nin səlahiyyətlərini genişləndirib.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası "Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" Qərar qəbul edib. Bunu Azərbaycan tərəfi qəbul etməyib.

Azərbaycanın razılığı olmadan onun inzibati sərhədləri dəyişdirilə bilməzdi...

Azərbaycan 1991-ci il oktyabrın 18-də Müstəqillik Haqqında Konstitusiya Aktını qəbul edib. Bundan bir ay sonra – 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə "DQMV haqqında" Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub.

Dağlıq Qarabağın ərazisi Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb...

N.Məmmədli
N.Məmmədli

Daxilə və xaricə verilən mesajlar...

Politoloq Nəsimi Məmmədli AzadlıqRadiosuna deyib ki, əslində, Dağlıq Qarabağın statusu ilə bağlı prezidentin indi səsləndirdiyi fikirlər hərbi əməliyyatların nəticəsidir. Onun fikrincə, burada həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq aləmə mesajlar var: "Daxilə verilən mesaj budur ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində geriyə doğru addım atılmayacaq. Beynəlxalq aləmə mesajlar isə budur ki, indiyə qədər vasitəçilərin irəli sürdüyü təkliflər Azərbaycanın zərərinə də olsa, Ermənistan tərəfindən qəbul edilmirdi. Artıq burada beynəlxalq vasitəçilərin təklif etdiyi variantlar deyil, tərəflərdən birinin, yəni, Azərbaycanın mövqeyi ilə məsələ həll edilir".

Politoloqun fikrincə, mədəni muxtariyyət bu çərçivədə ola bilər ki, ermənilər öz dillərində təhsil ala, yerli idarəetmədə dövlət dili ilə yanaşı, öz dillərindən istifadə edə bilsinlər: "Bunun çərçivəsindən kənarda hər hansı idarəetmə ilə bağlı səlahiyyətlərin verilməsi Azərbaycanın suverenliyi əleyhinə dönə bilər. Bu baxımdan prezidentin səsləndirdiyi fikirlər faktiki olaraq Azərbaycanın maraqlarına uyğundur".

Politoloqa görə, bunun nə qədər real olmasını dəyərləndirmək indi çox çətindir.

H.Hacızadə
H.Hacızadə

"Prezident bu mövzuya toxunmamalı idi..."

Başqa bir politoloq Hikmət Hacızadə isə AzadlıqRadiosuna açıqlamasında məsələni bir qədər fərqli dəyərləndirib. O bildirib ki, prezident bu mövzuya toxunmamalı idi, gələcəklə bağlı planlar varsa, indidən həmin planların açılması tələskənlikdir.

Mədəni muxtariyyətə gəlincə, H.Hacızadə deyib ki, bu barədə Avropanın çərçivə sənədləri var, həmin sənədlər əsasında bunu etmək olar. O qeyd edib ki, həmin sənədlərdə milli azlıqların mili, mədəni hüquqlarından danışılır: "Odur ki, bu məsələni indidən qaldırmaq tezdir. Özü də lazım deyildi. Belə məsələlərdə yüz ölçüb, bir biçmək lazımdır".

Deputat Sabir Rüstəmxanlı isə mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, dövlət başçısı İ.Əliyevin mədəni muxtariyyət fikrini səsləndirməsi Azərbaycan dövlətinin dünyaya nümayiş etdirdiyi humanizmdir. Onun fikrincə, Dağlıq Qarabağ əhalisi verilən şansdan istifadə etməlidirlər.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 130-dan çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

XS
SM
MD
LG