Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:25

ABŞ İranın neft şirkətlərinə sanksiya tətbiq edir


Tehran, 14 oktyabr, 2020-ci il
Tehran, 14 oktyabr, 2020-ci il

ABŞ Xəzinədarlığının bildirməsinə görə, sanksiya hədəflərinin fəaliyyəti İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) elit Qüds Qüvvələrini dəstəkləyir

Oktyabrın 26-da Birləşmiş Ştatlar İranın neft sektorunda fəal olan əsas şirkətlərə, qurumlara və fərdlərə yeni sanksiyalar tətbiq edib.

ABŞ Xəzinədarlığının bildirməsinə görə, sanksiya hədəflərinin fəaliyyəti İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) elit Qüds Qüvvələrini dəstəkləyir.

“İran rejimi neft sektoru hesabına İİKK-nın Qüds Qüvvələrinin sabitsizlik yaradan fəaliyyətini maliyyələşdirir”, – Maliyyə naziri Stiven Mnuçin bəyanatında deyib.

“İran rejimi terrorçu qurumlara və nüvə proqramına dəstəyini İran xalqının ehtiyaclarından üstün tutmaqda davam edir”, – o əlavə edib.

Aktivlər dondurulur...

Sanksiya hədəfləri içində İranın Neft Nazirliyi, İran Milli Neft Şirkəti, İran Milli Tanker Şirkəti də var.

Qara siyahıya salınanların ABŞ-dakı aktivləri dondurulur, amerikalıların onlarla işləməsi qadağan olunur.

Yuxarıda qeyd olunan şirkətlərə əksterror sanksiyaları da tətbiq olunur. Onlar daha öncə də Vaşinqton tərəfindən qara siyahıya salınmışdılar.

Prezident Donald Tramp 2018-ci ildə İranla nüvə sazişindən birtərəfli qaydada çıxandan sonra Vaşinqtonla Tehranın münasibətləri gərginləşib. Birləşmiş Ştatlar İrana sanksiyalar tətbiq etməyə başlayıb. Sonradan Tehran da nüvə sazişi öhdəliklərindən geri çəkilməyə başladı.

ABŞ Dövlət katibi Mayk Pompeonun sözlərinə görə, sanksiyalar İran rejiminin qonşularını hədələmək, Yaxın Şərqdə sabitsizlik yaratmaq qabiliyyətini məhdudlaşdırmağı hədəfləyən maksimum təzyiq kampaniyasına daxildir.

“İrandan hələ də xam neft alanlar bilməlidirlər ki, onlar İranın Yaxın Şərqdəki məkrli fəaliyyətini maliyyələşdirirlər, buraya terrorçuluğa dəstək də daxildir”, – Pompeo vurğulayıb.

Birləşmiş Ştatlar ötən həftə iddia edib ki, İran 2020-ci il prezident seçkisinə müdaxilə edir. İran isə ittihamı “əsassız” adlandırıb.

XS
SM
MD
LG